“ABŞ-nin hərbi üstünlük nümayişi İranın strategiyasını dəyişə bilər”- POLİTOLOQDAN AÇIQLAMA
“ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatlarla əlaqədar olaraq sursat qıtlığı yaşamır”.
Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC-yə müsahibəsində bildirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər sursat və resursa malik olduğu barədə açıqlama ilk növbədə çəkindirmə mesajıdır:
“Vaşinqton bununla Tehrana göstərməyə çalışır ki, hərbi əməliyyatlara verilən fasilə imkanların tükənməsi deyil, siyasi və diplomatik seçimdir. Belə bəyanat İranı yeni hücumlardan çəkindirə bilər, lakin eyni zamanda regiondakı gərginliyi də artıra bilər. Çünki Tehran bunu mümkün genişmiqyaslı zərbələrə hazırlıq kimi qiymətləndirərək raket qüvvələrini, hava hücumundan müdafiəsini və regiondakı müttəfiq qrupları yüksək hazırlıq vəziyyətinə gətirə bilər. ABŞ rəhbərliyində sursat ehtiyatları və eskalasiyanın nəticələri ilə bağlı fərqli mövqelərin ortaya çıxması isə göstərir ki, hərbi potensialın mövcudluğu əməliyyatların siyasi və strateji baxımdan risksiz olması demək deyil”.
Politoloq qeyd edib ki, ABŞ həqiqətən uzunmüddətli kampaniyanı davam etdirmək imkanına malikdirsə, İran qarşıdakı mərhələdə daha ehtiyatlı və dolayı strategiyaya üstünlük verə bilər:
“Tehran ABŞ bazalarına birbaşa və genişmiqyaslı hücumların ağır cavab doğuracağını nəzərə alaraq, məhdud zərbələr, asimmetrik vasitələr, dəniz yollarında təzyiq və tərəfdaş silahlı qruplar üzərindən fəaliyyət modelinə keçə bilər. Bununla yanaşı, Amerika təzyiqinin davamlı ola biləcəyini görən İran diplomatik danışıqlarda müəyyən taktiki güzəştlərə də razılaşa bilər. Ancaq ABŞ-nin hərbi üstünlüyünü həddindən artıq nümayiş etdirməsi Tehranda rejimin təhlükəsizliyi ilə bağlı qorxuları artıraraq nüvə və raket proqramını sürətləndirmək meylini də gücləndirə bilər. Buna görə Vaşinqtonun hərbi hazırlıq mesajının real nəticəsi onun diplomatik təklif və aydın çıxış strategiyası ilə müşayiət olunub-olunmamasından asılı olacaq”.
Nuray Əliyeva