00:00:00
Yazar
Admin User
05.02.2026 16:50 191 3 dəq oxuma
Siyasət

“ABŞ-nin İrana açıq hücum planlaşdırdığını düşünmürəm”

“ABŞ-nin İrana açıq hücum planlaşdırdığını düşünmürəm”

Keçən il İsrail və ABŞ-nin İranı intensiv bombalamasında Tehranın regiondakı silahlı tərəfdaş şəbəkəsi əsasən kənarda qalıb, lakin ekspertlər hesab edir ki, bu dəfə “müqavimət oxu” adlanan şəbəkə münaqişəyə qoşularaq İrana aktiv dəstək verə bilər. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi bildirir ki, İran ABŞ ilə mümkün münaqişəni mövcudluğuna birbaşa təhlükə kimi qiymətləndirir.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-İran münasibətlərində gərginlik pik həddə çatıb. Mövcud vəziyyətə baxmayaraq, bu gərginliyin mütləq açıq hərbi qarşıdurma ilə nəticələnəcəyi real görünmür:

 

“ABŞ ilə İran arasında gərginlik pik həddədir. Amma bu, tərəflər arasında mütləq açıq hərbi qarşıdurma olacaq anlamına gəlmir. Ritorik səviyyədə qarşılıqlı təhdidlər səsləndirilir. Xüsusilə, Donald Tramp İran ABŞ-nin şərtlərini qəbul etməsə, nəticələrin ağır olacağını bildirir. Buna baxmayaraq, ABŞ İrana real hərbi zərbələr endirmir. Trampın ritorikası sərt olsa da, onun danışıqlara meyilli olması açıq hərbi qarşıdurma barədə hələlik dərindən düşünməmək üçün əsas yaradır. Ötən ilin iyunundan sonra - 12 günlük müharibə və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasından sonra - Tehran hərbi arsenalını gücləndirməyə başlayıb. İran  uzaqmənzilli ballistik raketlərin istehsalını ciddi şəkildə artırıb və istənilən qarşıdurmaya cavab verməyə hazır olduğunu bəyan edib. İranın ali dini rəhbərliyi dəfələrlə hərbi qarşıdurmaya hazır olduqlarını və cavab zərbələri endirəcəklərini açıqlayıb. ABŞ İranın HƏMAS, ‘Hizbullah’ və husilərə dəstəyinin dayandırılmasını, eləcə də ballistik raket proqramının məhdudlaşdırılmasını tələb edib. İran isə bu şərtləri qəbul etmədiyini bildirib. ABŞ-nin İrana açıq hücum planlaşdırdığını düşünmürəm. Belə addım regionu idarəolunmaz vəziyyətə gətirə və münaqişəni digər ölkələrə yaya bilər”.

 

O əlavə edib ki, Türkiyə də daxil olmaqla bir sıra regional dövlətlər münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır:

 

“Türkiyə Prezidenti Misirə səfəri zamanı da qətiyyətlə bildirib ki, məsələlər yalnız dialoq yolu ilə həll olunmalıdır. Daha əvvəl Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də oxşar mövqe nümayiş etdirərək, regionda hərbi eskalasiyanın yolverilməz olduğunu və problemlərin siyasi-diplomatik müstəvidə həllinin vacibliyini vurğulayıblar”.

 

Elşad Mirbəşiroğlunun fikrincə, hazırkı mərhələdə ABŞ İranı hərbi yolla deyil, daha çox təzyiq və güc nümayişi vasitəsilə müəyyən güzəştlərə məcbur etməyə çalışır:

 

“ABŞ İrana qarşı hərbi əməliyyatlara başlamaqdansa, sərt ritorika və təzyiq mexanizmləri ilə Tehranın mövqeyini zəiflətməyə çalışır. Məqsəd İranı müəyyən şərtləri qəbul etməyə vadar etməkdir. Lakin bu prosesin açıq müharibəyə çevrilməsi hazırkı reallıqlar fonunda ehtimal edilmir. Mövcud vəziyyət uzun müddət davam edə biləcək siyasi qarşıdurma mərhələsi ilə xarakterizə olunur. Hazırda regionda balans çox həssasdır. Hər hansı tələsik və düşünülməyən addım genişmiqyaslı böhrana səbəb ola bilər. Bu baxımdan həm ABŞ, həm də İran riskləri yaxşı anlayır və açıq hərbi toqquşmadan yayınmağa çalışır”.

 

Beləliklə, ekspertlərin ümumi qənaətinə görə, ABŞ-İran münasibətlərində gərginlik yüksək səviyyədə qalsa da, tərəflərin dialoqa üstünlük verməsi və regional aktorların müharibəyə qarşı mövqeyi yaxın perspektivdə açıq silahlı qarşıdurma ehtimalını aşağı saxlayır.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər