“ABŞ-nin İrana zərbə endirməsi də danışıqlar prosesinin tərkib hissəsidir” - ŞƏRH
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı texniki məsləhətləşmələrin davam etdiyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp üçün əsas prioritet olan nüvə məsələsinə dair danışıqlar dayandırılmayıb və tərəflər yoxlamaların təşkili, zənginləşdirilmiş uranın gələcək taleyi, eləcə də İranın uranı zənginləşdirmə proqramı ətrafında müzakirələri davam etdirirlər.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında diplomatik kanallar açıq qalır və bu, ilk baxışda paradoksal görünsə də, tərəflər arasında dialoq imkanları hələ də mövcuddur:
“Bu paradoksal görünə bilər. Çünki ABŞ yenidən İrana zərbələr endirir, İran da cavab zərbələri həyata keçirir. Amma buna baxmayaraq, ABŞ ilə İran qarşıdurmasının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, tərəflər arasında danışıqlar aparmaq imkanları qalmaqdadır. Xatırlatmaq istəyirəm ki, ABŞ ilə İran arasında qarşılıqlı anlaşma imzalanıb. Düzdür, Donald Tramp İrana çağırış edib ki, qarşılıqlı anlaşmanın qüvvədən düşdüyünü etiraf etsin. Amma düşünürəm ki, tərəflər bir-birilərinə zərbələr endirsələr də, qarşılıqlı anlaşma qüvvədən düşməyəcək. Yəni 60 günlük müddət ərzində texniki danışıqlar davam etdiriləcək. Burada əsas məqsəd tərəflərin həmin 60 gün ərzində danışıqlar masası arxasında öz mövqelərini daha da gücləndirmək üçün mübarizə aparmasıdır. İran nüvə silahı əldə etmək niyyətində olmadığını daim bildirib və bu gün də bunu bəyan edib. Amma açıq qalan digər məsələlər də var. Məsələn, zənginləşdirilmiş uranın taleyi və gələcəkdə İranın nüvə proqramı üzərində nəzarət mexanizmlərinin formalaşdırılması ilə bağlı ABŞ istəyir ki, təşəbbüs onun əlində olsun. Bu baxımdan, nüvə proqramı üzrə danışıqlar və məsləhətləşmələr davam edir. Hesab edirəm ki, digər məsələlər üzrə də texniki məsləhətləşmələr davam etdiriləcək. Sadəcə, bu müddət ərzində hərbi kampaniyalar da davam edəcək. Yəni bu gün ABŞ-nin İrana zərbə endirməsi, İranın da cavab verməsi hesab edirəm ki, ABŞ ilə İran arasındakı danışıqlar prosesinin tərkib hissəsidir. Burada məqsəd, danışıqlar masası arxasında mövqeləri möhkəmləndirmək və daha çox güzəşt əldə etməkdir. Region üçün olduqca təhlükəli olacaq genişmiqyaslı qarşıdurma baş verməyəcək. Sadəcə, situativ zərbələr və qarşılıqlı hərbi addımlar müşahidə oluna bilər. Bununla yanaşı, danışıq imkanları bundan sonra da qalacaq. İki aylıq müddətin sonuna yaxınlaşdıqca tərəflər yekun nəticəyə gəlmək üçün daha ciddi prinsipiallıq nümayiş etdirəcəklər”.
Fatimə Hüseynli