ABŞ-nin İranla ticarət edən ölkələrə qarşı yeni tarif siyasəti
ABŞ Prezidenti Donald Tramp yanvarın 12-də İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq olunacağını açıqlayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın İranla iqtisadi əməkdaşlıq içində olan ölkələrə 25 faizlik rüsum tətbiq etməsi İrana dərhal zərbə vurmaq deyil, İranı sanksiyalarla sıxışdırmaq niyyətinin göstəricisidir:
“Amerika bu addımlarla dünya miqyasında mövcud ticarət sistemini sarsıtmaqda davam edir. Tramp artıq uzun müddətdir beynəlxalq ticarət qaydalarını öz bildiyi kimi tətbiq edir. Hətta Amerikanın Ümumdünya Ticarət Təşkilatından çıxması da yaxın vaxtlarda reallaşa bilər. ABŞ artıq hamının qəbul etdiyi ticarət qaydaları ilə deyil, öz iqtisadi və geosiyasi maraqlarına uyğun qaydalarla hərəkət edir. Tramp administrasiyası təzyiq xarakterli ticarət mexanizmlərinə üstünlük verir. Tramp hakimiyyətə gəldiyi vaxtdan dünya ölkələri ilə ÜTT qaydaları çərçivəsində yox, öz prinsipləri və təzyiq alətləri ilə ticarət etməyə üstünlük verir. Bu da ABŞ-nin dünya üzərində hegemon mövqeyə çıxmaq səylərinə uyğundur".
Aydın Quliyev vurğulayıb ki, bu rüsum siyasəti İranın əsas ticarət tərəfdaşlarına da mənfi təsir göstərəcək:
“Bu addımlar İranın əsas ticarət tərəfdaşları olan Çin, Hindistan, Türkiyə və digər ölkələrə də təsirsiz ötüşməyəcək. Azərbaycan da İranın ciddi iqtisadi tərəfdaşlarından biridir. Ona görə də ABŞ-nin İranla bağlı planlarında Azərbaycanın adının kənarda qalacağını demək çətindir. Amma ola bilər ki, Tramp Azərbaycanla mövcud münasibətləri nəzərə alaraq bu rüsumların tətbiqindən yan keçsin. Trampın əsas məqsədi Çini və Hindistanı bu ticarət rüsumları ilə ağır vəziyyətə salmaqdır.
Neftlə bağlı aparılan rüsum və təzyiq siyasəti ABŞ ilə barışıq siyasəti aparan neft ölkələrinin vəziyyətini daha da ağırlaşdırır. Bu sırada Rusiya hədəfdədir, Venesuela hədəf olub, İran isə əsas istiqamətlərdən biridir. Türkiyənin ABŞ-nin sanksiyalarına və rüsum təzyiqlərinə ciddi şəkildə məruz qalacağını gözləmirəm. Çünki Türkiyə NATO üzrə ABŞ-nin müttəfiqidir və Amerikanın bölgə siyasətində mühüm rol oynayır. ABŞ-nin İran neftinin məhdudlaşdırılması istiqamətində atdığı addımlar qlobal neft bazarına təsirsiz ötüşməyəcək. Bu addımlar dünyada neftin qiymətinə təsir göstərəcək və əsasən qiymətlərin aşağı salınmasına yönələcək. ABŞ-nin əsas məqsədi neft gəlirlərindən asılı olan ölkələri zəiflətməkdir: Venesuela, Rusiya və İran kimi neft üzərində dayanan ölkələrin vəziyyətini ağırlaşdırmaq və onları öz ssenarilərinə uyğunlaşdırmaqdır”.
Fatimə Hüseynli
