00:00:00
Yazar
Admin User
06.02.2026 08:24 58 2 dəq oxuma
Siyasət

ABŞ-nin İsrailə çağırışı

ABŞ-nin İsrailə çağırışı

ABŞ administrasiyası Yaxın Şərqdə artan gərginlik fonunda İsraildən İrana qarşı hərbi hücumdan çəkinməsini istəyib. Vaşinqton bölgədə genişmiqyaslı qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayır. Bu çağırış regionda təhlükəsizlik balansı, diplomatik səylər və mümkün eskalasiya riskləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar bildirib ki, ABŞ-nin İsraildən İrana qarşı hərbi zərbədən çəkinməsini istəməsi ilk növbədə genişmiqyaslı regional müharibə riskini azaltmağa hesablanıb:

 

“Belə bir addım İranın birbaşa və ya dolayı cavab reaksiyasını sürətləndirə bilər. Bu isə təkcə İsraillə İran arasında məhdud qarşıdurma yox, daha böyük coğrafiyanı əhatə edən zəncirvari eskalasiya deməkdir. Hazırda isə əsas prioritet proseslərin nəzarətdən çıxmamasıdır. Digər mühüm amil ABŞ-nin bölgədəki hərbi mövcudluğudur. İraq, Suriya və Körfəz zonasında yerləşən Amerika qüvvələri mümkün qarşıdurma zamanı risk altına düşə bilər. İsrailin hücumu avtomatik olaraq Rəsmi Vaşinqtonu da münaqişənin bir hissəsinə çevirə bilər. Regionda mümkün eskalasiya ən çox Körfəz ölkələrini və enerji bazarlarını təsirləndirər. Hörmüz boğazı üzərindən keçən enerji axını qlobal iqtisadi sabitlik üçün həyati əhəmiyyət daşıyır. Eyni zamanda Livan, Suriya və İraqda İranla əlaqəli qrupların aktivləşməsi münaqişəni daha geniş miqyaslı təhlükəsizlik böhranına çevirə bilər. Bu səbəbdən tərəflər hərbi ritorikanı artırsa da, faktiki addımlar məsələsində daha ehtiyatlı davranırlar. Sonda onu da əlavə etmək olar ki, ABŞ ilə İsrail arasında münasibətlərin strateji xarakter daşıdığı və kifayət qədər intensiv olduğu məlumdur. Bu kontekstdə Vaşinqtonun çağırışı yalnız gərginliyi azaltmaq məqsədi daşımaya da bilər. Eyni zamanda bu, İrana ötürülən siqnal kimi də qiymətləndirilə bilər: yəni İsrail-İran xəttinin aktivləşdirilməsi və ya passiv saxlanılması müəyyən mənada ABŞ-nin təsir imkanları daxilindədir. Bu mesaj Rəsmi Tehrana göstərir ki, alternativ cəbhə mövcuddur və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi böyük ölçüdə diplomatik nəticələrdən asılı olacaq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər