“ABŞ-nin ən böyük düşməni Demokratlardır” - İran rejimindən sonra sərt ittiham
ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasını ölkə üçün ən böyük təhlükələrdən biri kimi qiymətləndirib. O, Truth Social platformasında etdiyi paylaşımda bildirib ki, İran rejimindən sonra “Radikal Sol” və Demokratlar Amerikanın əsas düşmənidir. Bu açıqlama ABŞ-də siyasi gərginliyin daha da artdığını göstərən növbəti sərt bəyanatlardan biri hesab olunur.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ daxilində Trampa münasibət İran müharibəsi ilə bağlı əvvəlki proqnozlara uyğun inkişaf edir:
“Tramp ildırım sürətli müharibə ilə İranı darmadağın edəcəyi eforiyası içində idi. Lakin əksər analitiklər onun bu baxışlarında yanılacağını düşünürdülər. Belə bir qənaət formalaşmışıb ki, bu müharibə sonda onun üçün daxili siyasətdə uğursuzluqla nəticələnəcək. Bu gün ABŞ daxilində Trampın siyasətinə qarşı artan etirazların şahidi oluruq. Trampın daxildə “düşmən axtarışı” siyasəti yeni deyil. O, hələ seçki kampaniyasının son mərhələlərində Demokrat Partiyasını sadəcə rəqib kimi deyil, düşmən obrazında təqdim edirdi. Bu yanaşma indi də davam edir. Onun ritorikasında tez-tez ‘Biden belə etdi’, ‘yuxulu Biden’, ‘cinayətkar Biden’ kimi ifadələr yer alır. Bu isə ABŞ-də siyasi qüvvələr arasında ənənəvi münasibətləri pozur və qarşıdurmanı dərinləşdirir. ABŞ tarixində ilk dəfədir ki, yeni prezident sələfini bu qədər ağır ittihamlarla hədəf alır. Tramp demokratları seçki saxtakarlığında ittiham edib. Halbuki bu, dünyanın istənilən ölkəsində xalqın suveren hüquqlarına qarşı ən ağır cinayətlərdən biri hesab olunur. Bu iddiaların gələcəkdə də araşdırılması mümkündür”.
Aydın Quliyevin fikrincə, Trampın son bəyanatları daxili siyasətə fokuslandığını göstərir:
“Tramp artıq İran kampaniyasının uğursuzluqla nəticələnəcəyini əvvəlcədən hiss edir. Bu müharibə faktiki olaraq onun müharibəsi deyil, daha çox başqa qüvvələrin təsiri ilə qəbul etdiyi bir prosesdir. Nəticədə isə o, həm müharibədən çıxmaqda çətinlik çəkir, həm də daxildə siyasi təzyiqlərlə üzləşir. qarşıdan gələn seçkilər fonunda bu ritorika daha da sərtləşə bilər. Tramp anlayır ki, seçkilər ərəfəsində demokratların ona qarşı hücumları güclənəcək. Onların Konqresdə mövqelərini möhkəmləndirməsi ehtimalı yüksək qiymətləndirilir. Bu səbəbdən o, mümkün məğlubiyyətin təsirini azaltmaq üçün daxildə siyasi rəqiblərini daha təhlükəli göstərməyə çalışır. Bu yanaşma Trampın siyasi üslubuna xasdır. O, klassik siyasi rəqabət prinsiplərinə tam əməl etmir. Siyasi mübarizəni daha çox qarşıdurma, düşmənçilik və qisas prizmasından qiymətləndirir”.
Fatimə Hüseynli