“ABŞ-nin regional təsiri enerji sahəsində də hiss edilə bilər”
ABŞ Prezidenti Donald Tramp və Hindistan Baş Naziri Narendra Modi telefon danışığında ticarət və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər. Trampın “Truth Social” paylaşımına görə, Modi Rusiya neftini almamağa və ABŞ-dən, həmçinin potensial olaraq Venesueladan daha çox neft almağa razılaşıb. Tramp bu addımın Ukraynadakı müharibənin dayandırılmasına kömək edəcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a bildirib ki, Hindistanın Venesueladan neft alması beynəlxalq sanksiyalar və ABŞ siyasəti ilə tam olaraq uyğun gəlmir, çünki ABŞ Venesuelaya qarşı hələ də iqtisadi və ticarət sanksiyaları tətbiq edir:
"Trampın mesajında bu addımın ABŞ ilə Hindistan arasında strateji əməkdaşlıq çərçivəsində müzakirə olunduğu görünür və ABŞ üçün Hindistanın Rusiya neftindən imtina etməsi prioritet hesab olunur. Bu isə göstərir ki, Hindistan enerji mənbələrini diversifikasiya edərək həm ABŞ-nin siyasətinə, həm də geosiyasi təzyiqlərə uyğun hərəkət etməyə çalışır. Avropa Birliyi və digər Qərb ölkələri üçün bu, Hindistanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Eyni zamanda, Venesuela üçün müəyyən iqtisadi fayda yarada bilər, lakin sanksiyalar səbəbindən tranzaksiyalar məhdud qala bilər. ABŞ və Hindistanın bu razılaşması Çin və digər enerji idxalçılarına həm iqtisadi, həm də strateji mesaj göndərir. Çin hələ də Rusiyadan neft alır və enerji təhlükəsizliyini Rusiya mənbələrinə bağlı saxlayır. Hindistanın Rusiya neftindən imtina etməsi isə Pekinə göstərir ki, ABŞ-nin regional təsiri və diplomatik təzyiqləri enerji sahəsində də təsirli ola bilər. Eyni zamanda, Hindistanın Venesueladan və ABŞ-dən neft almağa meyli enerji bazarında rəqabəti və qiymətləri dəyişdirə bilər, digər idxalçılar üçün strategiya dəyişikliklərinə səbəb ola, həmçinin ABŞ-nin enerji bazarında nüfuzunu artıra bilər”.
Həmçinin politoloq vurğulayıb ki, Hindistanın Rusiya neftindən imtina etməsi regional geosiyasət və enerji təhlükəsizliyi baxımından həm fürsət, həm də risk yaradır:
“Enerji mənbələrinin diversifikasiyası Hindistanın tədarük təhlükəsizliyini artırır və onu Qərb ilə strateji tərəfdaşlığa daha yaxınlaşdırır. Eyni zamanda, bu addım Moskva ilə münasibətləri gərginləşdirə və Rusiya üçün gəlir mənbələrinin daralmasına səbəb ola bilər, bu isə regional enerji axınlarına və bazar tarazlığına təsir edə bilər. Cənubi və Cənub-Qərbi Asiyada enerji və geosiyasi tarazlıq Hindistanın qərarlarından asılı olaraq dəyişə bilər. Məsələn Pakistan və Çin kimi qonşular Hindistanın yeni enerji siyasətini diqqətlə izləyərək öz strategiyalarını formalaşdıra bilərlər. Bu həm də Hindistanın ABŞ ilə təhlükəsizlik və hərbi əməkdaşlıq imkanlarını artırır, həm də regional enerji bazarının daha çox Qərb təsiri altında formalaşmasına yol açır".
Aytac İbrahimova
