ABŞ-nin Rusiyadan dizel yanacağı alması Avropada enerji narahatlığını artıra bilər
ABŞ-nin Rusiyadan dizel yanacağı almaq qərarı Avropanın enerji təhlükəsizliyi və yanacaq qiymətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ekspertin fikrincə, ABŞ bu addımla daxili bazarda qiymət artımının və inflyasiyanın qarşısını almağa çalışır. Avropada isə yanacağın bahalaşması inflyasiyanı sürətləndirə, əhalinin narazılığını artıra və siyasi proseslərə təsir göstərə bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildib ki, Rusiyadan dizel yanacağı almaq qərarı, ilk növbədə, ölkənin daxili bazarında qiymətləri tənzimləmək və inflyasiyanın artmasının qarşısını almaq məqsədi daşıyır:
"ABŞ-də yükdaşımaların böyük hissəsi avtomobillərlə həyata keçirildiyindən dizel yanacağının bahalaşması ölkə iqtisadiyyatına ciddi təsir göstərir.
Ekspert qeyd edib ki, ABŞ özünün geniş neft hasilatı imkanlarına baxmayaraq, daxili bazarda qiymət artımını məhdudlaşdırmağa çalışır. Avropanın vəziyyəti isə daha mürəkkəbdir. Belə ki, Avropanın daxili enerji resursları və yanacaq hasilatı tələbatı tam qarşılamaq üçün kifayət etmir. Bu baxımdan, ABŞ-nin öz bazarını təmin etməyə üstünlük verməsi Avropada enerji təchizatı ilə bağlı narahatlıqları artıra bilər".
İqtisadçının sözlərinə görə, Avropada yanacağın qiymətinin artması inflyasiyanın yüksəlməsinə, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə və ictimai narazılığın artmasına səbəb ola bilər:
"O bildirib ki, Avropa ölkələri qarşıdakı dövrdə seçkilər mərhələsinə qədəm qoyduqca enerji qiymətlərinin yüksəlməsi siyasi baxımdan da ciddi problemlər yarada bilər. Əhalinin artan xərclərdən narazılığı hakimiyyətlərə qarşı münasibətə təsir göstərə və seçkilərdə siyasi qüvvələrin mövqelərini dəyişə bilər".
Ekspertin fikrincə, Avropa enerji qıtlığının qarşısını almaq üçün alternativ enerji mənbələrinin inkişafı ilə yanaşı, enerji siyasətinə yenidən baxmalıdır:
"Avropa ölkələri son illərdə günəş və külək enerjisinə üstünlük versələr də, bu mənbələr mövcud tələbatı tam ödəmək üçün yetərli olmaya bilər.
Avropanın xüsusilə də Almaniyanın atom elektrik stansiyalarından imtina etməsini yanlış qərar kimi qiymətləndirib. Onun fikrincə, atom elektrik stansiyalarının bağlanması Avropanın enerji təminatını çətinləşdirən amillərdən biridir. Buna görə də region ölkələri enerji mənbələrini şaxələndirməli, alternativ enerji istehsalını genişləndirməli və enerji təhlükəsizliyini təmin etmək üçün daha uzunmüddətli, balanslaşdırılmış strategiya həyata keçirməlidirlər".
Fatimə İbrahimova