00:00:00
Yazar
Nərmin Həşimova
30.04.2026 21:06 51 2 dəq oxuma
Siyasət

“ABŞ-nin əsas məqsədi İranı iqtisadi cəhətdən çökdürməkdir”- ŞƏRH

“ABŞ-nin əsas məqsədi İranı iqtisadi cəhətdən çökdürməkdir”- ŞƏRH

ABŞ və İran arasında gərgin münasibətlər davam edir və son açıqlamalarda qarşılıqlı ittihamlar daha da artıb. İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ və İsrailin ölkəyə qarşı hərbi, iqtisadi və informasiya təzyiqləri tətbiq etdiyini, hətta daxili qarışıqlıq yaratmaq və blokada vasitəsilə İranı zəiflətmək istədiyini iddia edir. ABŞ tərəfi isə İran rəhbərliyində fikir ayrılıqlarının və siyasi parçalanmanın olduğunu vurğulayır. Bu qarşılıqlı ittihamlar iki ölkə arasındakı münasibətlərin gərgin və qeyri-sabit xarakter daşıdığını göstərir.


Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz ətrafında uzun müddət yaşananlar, əlbəttə, dünya iqtisadiyyatına olduqca mənfi təsir göstərir:


“Bu, xüsusilə dünyada enerji sektorunda çox böyük pay itkisinə səbəb olur. Nəzərə alaq ki, dünyada neftin təxminən 30%-i Hörmüz boğazı vasitəsilə nəql olunur. Belə olan halda istər-istəməz bu, dünya iqtisadiyyatına çox mənfi təsir göstərir. İranla müharibə başladıqdan sonra neftin qiymətində kəskin artımların da şahidi oluruq. Bu, region ölkələrinə çox böyük mənfi təsir göstərəcək bir hadisədir. Xüsusilə də Körfəz ölkələrinə çox ciddi təsir göstərəcək bir hadisədir. Ölkələr çalışırlar ki, mövcud blokada və gərginlik aradan qaldırılsın. Buna görə də maksimum şəkildə həmin ölkələr çalışırlar ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi Hörmüz üzərindən bu blokadanı ləğv etsinlər. Ancaq ABŞ-nin əsas məqsədi İranı iqtisadi cəhətdən çökdürməkdir. Böyük ehtimalla danışıqlar hələ davam edir, buna görə ABŞ hələ real addımlar atmır. Əgər danışıqlarda uğursuzluq olarsa, ilk növbədə İran iqtisadiyyatının çökdürülməsi, xüsusilə də enerji sektorunun sıradan çıxarılması üçün lazım olan addımları ABŞ atacaq. Daha sonra yenidən lokal müharibə gözlənilir ki, ABŞ-nin əsas məqsədi İrandakı rejimi məhz bu üsullarla çökdürməkdir. Yəni, xırda-xırda müharibələr, lokal müharibələr, daxildəki müxalifətə dəstək verilməsi və eyni zamanda, İranın can damarı olan enerji sektoruna ağır sanksiyaların tətbiq edilməsi. Paralel şəkildə də İran öz neftini sata bilməsin deyə Hörmüz ətrafında İran blokadaya alınır, yəni dənizdən blokadaya alınır. Bu da əlbəttə ki, İran iqtisadiyyatına çox mənfi təsir göstərən bir hadisədir. Proseslər təkcə İran üçün deyil, bütün region üçün risk yaradır. Digər tərəfdən, digər Körfəz ölkələrinə də bu qeyri-müəyyənlik mənfi təsir göstərir və müharibə davam etdikcə, əlbəttə ki, ərəb ölkələri də xeyli sayda pul itirməyə davam edəcəklər”.


Mehriban Yariyeva

#ABŞ #İran #Qalibaf #iddia
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər