00:00:00
Yazar
Nərmin Həşimova
17.11.2026 19:54 43 2 dəq oxuma
İqtisadiyyat

ABŞ-nin strateji neft ehtiyatları son 44 ilin ən aşağı həddinə enib 

ABŞ-nin strateji neft ehtiyatları son 44 ilin ən aşağı həddinə enib

ABŞ Energetika Nazirliyinin məlumatına görə, noyabrın 13-də başa çatan hesabat həftəsində ölkənin neft ehtiyatları daha 3,1 milyon barel azalaraq 276,4 milyon barelə düşüb. Bu, 1982-ci ilin oktyabrından bəri qeydə alınan ən aşağı göstəricidir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin Sədri Akif Nəsirli bildirib ki, ABŞ-nin strateji neft ehtiyatlarının 44 ilin ən aşağı səviyyəsinə düşməsinin əsas səbəbi Yaxın Şərqdəki münaqişə və qlobal enerji bazarında yaranmış təchizat problemləridir:


"Xüsusilə, İran ətrafında hərbi qarşıdurma və Hörmüz boğazından neft daşımalarının məhdudlaşması dünya bazarında ciddi təklif riski yaradıb. ABŞ hökuməti qiymət artımının qarşısını almaq və bazara əlavə neft çıxarmaq üçün strateji ehtiyatlardan genişmiqyaslı istifadə edib. Bu proses noyabrda da davam edib. Noyabrın 6-da başa çatan həftədə ehtiyatlar daha 2,6 milyon barel azalaraq 279,5 milyon barelə düşüb. Bundan əlavə, ABŞ administrasiyasının qasırğa ilə əlaqədar əlavə neft buraxılışı qərarı da azalmaya təsir göstərib. ABŞ hökumətinin ehtiyatları yenidən doldurmaq üçün bazardan iri həcmdə neft alması qiymətlərə müəyyən yüksəldici təsir göstərə bilər. Çünki belə alışlar bazarda əlavə tələbat yaradacaq. Lakin bu, mütləq yeni bahalaşma dalğası başlayacağı demək deyil. Burada əsas məsələ alışların hansı həcmdə və hansı müddətdə həyata keçirilməsidir. ABŞ ehtiyatları birdən-birə deyil, mərhələli şəkildə doldurmağa çalışarsa, qiymətlərə təsir nisbətən məhdud ola bilər. Üstəlik, hazırkı ehtiyat azalmasının bir hissəsi neft şirkətlərinə borc və ya mübadilə əsasında verilmiş neftlə bağlıdır və həmin şirkətlər sonradan nefti əlavə həcmdə geri qaytarmalıdırlar. 

Yaxın aylarda neft qiymətlərinə təsir edən əsas amil ABŞ-nin ehtiyatlarının səviyyəsindən daha çox Yaxın Şərqdəki vəziyyət, dünya bazarında tələb və təklif balansı olacaq. Münaqişə davam edərsə, neft daşımalarında problemlər yaranarsa, qiymətlərin yenidən yüksəlməsi mümkündür. Əksinə, təchizat bərpa olunar və bazarda təklif artarsa, qiymətlərdə enmə baş verə bilər. ABŞ Enerji İnformasiya Administrasiyasının noyabr proqnozuna görə, Brent markalı neftin 2026-cı ilin noyabr-dekabr aylarında orta qiymətinin 100 dollar ətrafında olacağı, 2027-ci ilin ikinci yarısında isə aşağı düşəcəyi gözlənilir. Azərbaycanın “Azeri Light” neftinin qiyməti də bu proseslərdən birbaşa təsirlənəcək. Çünki Azərbaycan neftinin dəyəri dünya bazarındakı Brent markasının qiyməti ilə sıx bağlıdır. Hazırda da qiymətlərdə azalma müşahidə olunur: noyabrın 17-də "Azeri Light"ın bir bareli 98,76 dollara düşüb. Bununla belə, Yaxın Şərqdə gərginliyin artması və ABŞ-nin ehtiyatlarını bərpa etmək üçün iri həcmdə alışlara başlaması Azərbaycan neftinin qiymətinə də müsbət təsir göstərə bilər. Ancaq uzunmüddətli bahalaşma üçün təkcə ABŞ-ın ehtiyatlarını doldurması kifayət deyil, dünya bazarında real təklif çatışmazlığı da olmalıdır".

Səkinə Musayeva

#xəbər #abş-nin #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər