Neftin qiymətinin 100 dollardan aşağı düşməsi Azərbaycanın iqtisadiyyatına necə təsir göstərəcək?
Dünya bazarında neftin qiymətinin 100 dollardan aşağı düşməsi neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan Azərbaycan iqtisadiyyatı baxımından diqqət çəkir. Qiymət enişinin dövlət büdcəsinin gəlirlərinə, manatın məzənnəsinə və inflyasiya risklərinə mümkün təsirləri, eləcə də qeyri-neft sektorunun inkişafının iqtisadi asılılığın azaldılmasındakı rolu aktual müzakirə mövzusudur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, neftin qiymətinin 100 dollardan aşağı düşməsi hazırkı mərhələdə Azərbaycan iqtisadiyyatı üçün ciddi narahatlıq doğurmur. Onun sözlərinə görə, dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində proqnozlaşdırıldığından, mövcud qiymət göstəriciləri ölkənin gəlir imkanlarının qorunmasına şərait yaradır:
“Neftin qiyməti aşağı düşsə də, hələ də kifayət qədər yüksəkdir. Büdcə proqnozlarında neftin bir barelinin qiyməti 65 dollar göstərilib. Amma hazırda qiymətin 100 dollardan aşağı düşməsi ciddi narahatlıq və risk yaratmır. Dövlət daha çox gəlir əldə edə bilərdi, müəyyən qədər qazanc azalacaq. Ancaq yenə də nəzərdə tutulandan daha yaxşı vəziyyətdəyik. Bu da dövlətin gəlirlərini və iqtisadi imkanlarını artırır. Yəni hazırkı vəziyyətdə narahatlığa əsas yoxdur”.
İqtisadçı neftin qiymətindəki dəyişikliklərin manatın məzənnəsinə və inflyasiya risklərinə mümkün təsirlərinə də münasibət bildirib:
"Neftin qiymətinin büdcədə nəzərdə tutulan həddən yüksək olması dövlətin maliyyə imkanlarını qoruyur və hazırkı mərhələdə ciddi risklərin yaranmasına əsas vermir.
Azərbaycanın neft gəlirlərindən asılılığının azaldılması istiqamətində isə əsas prioritet qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Ölkənin neft gəlirlərindən asılılığını azaltmaq üçün iqtisadiyyatın digər sahələrinin inkişafına xüsusi diqqət yetirilmək lazımdır, yeganə alternativ qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sahə inkişaf etdirilməlidir ki, neftdən asılılıq aşağı düşsün”.
Gülnar Mustafayeva