"ABŞ-nin təkliflərinə uyğun addım atarsa, layihədə iştirakı mümkün ola bilər"
ABŞ Konqresinin nümayəndə heyəti Tbilisidə Gürcüstan hökumət təmsilçiləri və bir neçə müxalif siyasi partiyanın liderləri ilə görüş keçirir.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı müzakirələr nəzərə alınarsa, görüşlərin gərginlik yaratması istisna edilə bilər:
“ABŞ nümayəndə heyətinin Gürcüstana səfəri Cənubi Qafqazda sabitliyin gücləndirilməsinə xidmət edə bilər. Burada Rusiyanın müdaxiləsi maraqların toqquşmasına gətirsə, gərginliyin ortaya çıxması da mümkündür”.
Politoloq əlavə edib ki, Gürcüstanın “Tramp yolu” layihəsinə qoşulması ehtimalı var və bu məsələ Azərbaycanla müzakirə olunmalıdır:
“Regional balansın dəyişməsi və Rusiyanın bu məsələlərdə özünü kənarda saxlaması da mümkündür. ABŞ artıq regionda mövcuddur və müdaxilə əlavə gərginlik yarada bilər. ABŞ Konqresinin nümayəndə heyətinin Gürcüstanda həm müxalifət, həm də hökumət nümayəndələri ilə görüşü ölkədə yeniliklərə marağın nəticəsidir. Daxili siyasətdə sabitliyin olmaması ölkənin Rusiyanın təsirinə düşməsinə aparır. ABŞ bu ehtimalları nəzərə alaraq Gürcüstan daxilindəki siyasi balansı tarazlamaq və Qərb təsirini artırmaq istəyir. Təbii ki, sözü gedən ‘Tramp yolu’ layihəsində Gürcüstanın iştirakı da masaya qoyula bilər”.
Fatimə Hüseynli
