"ABŞ-nin Venesuela əməliyyatını hüquqi baxımdan qiymətləndirmək çətindir"
Almaniya kansleri Fridrix Merz ABŞ-nin Venesueladakı hərəkətlərinə hüquqi qiymət verməyin çətin olduğunu bildirib və Venesuelada siyasi qeyri-sabitliyin qarşısını almağa çağırıb. Bu barədə Almaniya kanslerinin Mətbuat Xidməti məlumat yayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin bu addımı beynəlxalq hüquq və dövlətlərarası münasibətlərdə güc amilinin önə çıxması ilə bağlı yeni müzakirələrə səbəb olacaq:
“Bu proses beynəlxalq hüququn işləməməsi, dövlətlərarası münasibətlərdə gücün tətbiqinə doğru bir tendensiya yarada bilər. Xüsusilə qeyd edilməlidir ki, Maduronun həbsinə dair hələlik nə Çin Xalq Respublikasından, nə də Rusiya Federasiyasından rəsmi olaraq mənfi reaksiya verilməyib. Halbuki, hər iki ölkə ilə Venesuela arasında sıx iqtisadi, hərbi və siyasi münasibətlər mövcuddur.
Əslində, Avropa İttifaqı belə düşünür ki, bu, ABŞ ilə Rusiya arasında əvvəlcədən razılaşdırılmış bir əməliyyat ola bilər. Buradakı əsas hədəf isə Kubadır. Çünki Venesuela uzun illərdir Kubaya bütün növ tələbat mallarını göndərir və bu ölkənin iqtisadi dayanıqlığında böyük rol oynayıb.
Əgər Maduro həbs edilərsə, Kubanın da durumu çətinləşəcək. Amma bu, Venesuelanın sonu demək deyil. Çünki narkotik ticarətinin əsasında, ehtimal ki, birbaşa Maduro yox, keçmiş prezident Uqo Çavesin dövründəki nazirlər və indiki daxili işlər və hərbi nazirlər dayanır. Bu şəxslər hələ də hakimiyyətdədirlər.
Ona görə də, ABŞ-nin bu addımı beynəlxalq hüquq və dövlətlərarası münasibətlər sistemində gücün rolunun artmasına dair yeni müzakirələr doğuracaq”.
Siyasi şərhçinin sözlərinə görə, hazırda ABŞ-də Nikolas Maduro ilə bağlı məhkəmə prosesi davam edir və rəsmi Vaşinqton bu məsələni hüquqi müstəvidə əsaslandırmağa çalışır:
“Digər tərəfdən, bir çox dövlətlər xüsusilə Fransa, Türkiyə və Almaniya kimi ölkələr bu məsələyə mənfi münasibət bildiriblər. Bu ölkələr dəfələrlə ABŞ-nin bu addımına qarşı narazılıqlarını dilə gətiriblər. 2020-ci ildən ABŞ-də bir məhkəmə prosesi gedir. Həmin məhkəmədə Venesuela prezidenti Nikolas Maduronun adı keçir. Bu barədə ABŞ və dünya mətbuatında dəfələrlə məlumatlar yayımlanıb.
Qeyd etməliyik ki, ABŞ tərəfindən Maduronun tutulması və ya həbs olunması üçün həm fiziki, həm də hüquqi şəxslərə təxminən 50 milyon dollar mükafat təklif olunub. Hətta ABŞ-nin xüsusi xidmət orqanları Venesuela prezidentinə məxsus təyyarəni idarə edən pilot vasitəsilə bir əməliyyat planlaşdırıb. Lakin bu əməliyyat uğursuz olub və Venesuelanın xüsusi xidmət orqanları tərəfindən ifşa edilib.
Hazırda isə ABŞ-də bu məhkəmə prosesi davam edir. Manhattan məhkəməsinin Maduronun saxlanması ilə bağlı qərarı var və ABŞ bu məsələni hüquqi baxımdan əsaslandırmağa çalışır”.
Zəri Bayramlı