ABŞ-nin yeni neft proqnozu qlobal enerji bazarında hansı dəyişikliklərə səbəb ola bilər?
ABŞ Energetika Nazirliyi 2026-cı il üzrə ölkədə xam neft hasilatı proqnozunu sutkada 60 min barel artırıb.
Nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına əsasən, ABŞ-də xam neft hasilatının 2026-cı ildə sutkada orta hesabla 13,78 milyon barel təşkil edəcəyi gözlənilir. Əvvəlki proqnozda bu göstərici 13,72 milyon barel idi.
Bununla yanaşı, EIA 2027-ci il üzrə hasilat proqnozunu sutkada 120 min barel azaldaraq 14,15 milyon bareldən 14,03 milyon barelə endirib.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, bu proqnoz qlobal enerji bazarına verilən mühüm siqnallardan biridir:
“Bu qərar ABŞ-də neft istehsalının yüksək səviyyədə qalacağını göstərsə də, qlobal bazarda qiymətlərin formalaşmasına təsir edən yeganə amil deyil.Hasilat proqnozunun artırılması dünya bazarında neft təklifinin artacağı gözləntilərini gücləndirir. Əgər qlobal iqtisadi artım zəifləyərsə və neftə tələbat gözlənilən səviyyədə olmazsa, bazarda təklifin tələbi üstələməsi nəticəsində neft qiymətləri üzərində aşağı istiqamətli təzyiq yarana bilər. Bu isə həm istehsalçı, həm də ixracatçı ölkələrin gəlirlərinə təsir göstərə bilər.Həm də proqnozda artımın cəmi 60 min barel təşkil etməsi göstərir ki, qlobal bazarda qiymətlərin taleyini yalnız ABŞ hasilatı müəyyən etməyəcək. OPEC+ ölkələrinin hasilat siyasəti, Yaxın Şərqdə geosiyasi proseslər, ABŞ-nin enerji siyasəti, Çin və Hindistan kimi iri iqtisadiyyatlarda neftə tələbatın dinamikası bazarın əsas istiqamətləndirici amilləri olaraq qalır”.
Asif İbrahimov qeyd edib ki, diqqət çəkən digər məqam isə ABŞ Energetika Nazirliyinin 2027-ci il üzrə hasilat proqnozunu sutkada 120 min barel azaltmasıdır:
“Bu, ABŞ-də hasilat artımının uzunmüddətli perspektivdə əvvəlki gözləntilərdən daha məhdud ola biləcəyini göstərir və bazarın gələcək inkişafı ilə bağlı daha ehtiyatlı yanaşmanın formalaşdığını nümayiş etdirir.
Azərbaycan üçün isə əsas məsələ dünya bazarında neftin qiymətidir. Ölkəmizin ixrac gəlirlərinin və dövlət büdcəsinin əhəmiyyətli hissəsi enerji sektorundan formalaşdığı üçün neft qiymətlərində mümkün eniş büdcə gəlirlərinə, ixrac daxilolmalarına və investisiya imkanlarına təsir göstərə bilər. Bununla belə, Azərbaycanın fiskal siyasətində tətbiq olunan konservativ yanaşma və neft qiymətləri ilə bağlı ehtiyatlı proqnozlaşdırma bu cür risklərin idarə edilməsində mühüm rol oynayır.Eyni zamanda, Azərbaycanın enerji strategiyası artıq yalnız neftə əsaslanmır. Təbii qaz ixracının genişləndirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı və qeyri-neft sektorunun gücləndirilməsi ölkə iqtisadiyyatının xarici enerji bazarlarında baş verən qiymət dəyişikliklərinə qarşı dayanıqlığını artıran əsas amillərdir.ABŞ-də neft hasilatı üzrə proqnozun artırılması qlobal bazarda əlavə təklif gözləntilərini gücləndirsə də, qiymətlərin gələcək dinamikası yalnız bu amildən asılı olmayacaq. Azərbaycanın iqtisadi maraqları baxımından əsas prioritet enerji gəlirlərinin səmərəli idarə olunması, iqtisadiyyatın şaxələndirilməsi və qlobal enerji bazarındakı dəyişikliklərə çevik uyğunlaşma olaraq qalır”.
Nuray Əliyeva