Kremlin Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibəti - ŞƏRH
Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün üçtərəfli görüşünə münasibət bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, üçtərəfli görüşün baş tutması inandırıcı görünmür:
“ABŞ Prezidenti Zelenski ilə görüşdüyü kimi, Putinlə də görüşə bilər. Lakin ehtimalı olmayan üçtərəfli görüşün özü baş tutmuş olsa belə, məncə, bu görüşdən də ciddi nəticə gözləməyə dəyməz. Çünki nə Rusiyanın əvvəlki iddialarından geri çəkilmək kimi bir niyyəti var, nə də Ukrayna tərəfinin öz haqlı mövqeyindən geri çəkilməsi real görünür”.
Politolqun sözlərinə görə, Rusiya tərəfinin üçtərəfli görüşdən imtina etməsindəki prinsipiallıq nümayiş etdirməsinin başlıca səbəbi məhz tərəflərin uzlaşmasının mümkünsüzlüyü ilə bağlıdır:
“Əgər Putin bilsə ki, Zelenski Rusiyanın istədiyi güzəştlərə hazırdır, istənilən ölkədə və istənilən formatda bu görüşə can atar. Bunun baş tutmayacağını bildiyi üçün də Putin belə görüşlərlə uzun illərdir qeyri-legitim adlandırdığı Zelenskiyə yenidən legitimlik qazandırmaq istəmir”.
Selcan Xudiyeva