00:00:00
Yazar
Aise Mustafayeva
24.09.2026 23:10 27 3 dəq oxuma
Siyasət

Azərbaycan-Fransa münasibətləri yeni mərhələdə

 

Azərbaycan-Fransa münasibətləri yeni mərhələdə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

 

 

Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyi nəzərdən keçirilib, Azərbaycan–Avropa İttifaqı əlaqələri müzakirə olunub. Tərəflər, həmçinin regional təhlükəsizlik vəziyyəti, əsas regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar. 

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Azərbaycan və Fransa Xarici İşlər nazirlərinin yeni görüşü üçün bir sıra aktual məsələlər var:

 

 

 

"Hesab edirəm ki, görüşü zəruri edən əsas amillərdən biri bölgəmizdə sülh prosesinin canlanmasıdır. Ermənistanda müəyyən revanşist qüvvələr sülh prosesinə mane olmaq üçün ciddi cəhdlər göstərirlər. Belə bir şəraitdə Fransanın Ermənistan hökumətinə təsirləri və bu təsirin mütərəqqi istiqamətdə olması əhəmiyyətli rol oynaya bilər. Eyni zamanda, cəmi bir gün əvvəl Fransanın ciddi maraq göstərdiyi və Azərbaycanda mühakimə olunmuş fransız vətəndaşı Rayanın Prezident tərəfindən əfv edilməsi iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılmasına xidmət edən mühüm faktdır. Yəqin ki, Fransa hökuməti Azərbaycan Prezidentinin bu addımına görə müxtəlif kanallardan təşəkkür bildirməyi zəruri hesab edib". 

 

 

 

Siyasi şərhçinin sözlərinə görə, bununla yanaşı, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsində Fransanın aktiv rol oynaması mümkündür:

 

 

 

"Fransa bölgəmizdə gedən proseslərdə daha güclü şəkildə iştirak etmək istəyirsə, Azərbaycanın maraqlarına hörmətlə yanaşmalıdır. Eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasında öz rolunu oynamalıdır".

 

 

 

Aydın Quliyev həmçinin vurğulayıb ki, Fransa həmçinin Orta Dəhlizin daha da gücləndirilməsində, həm Avropa İttifaqı xətti ilə, həm də Avropa dövləti kimi maraqlı tərəflərdən biridir:

 

 

 

"Fransada yaxşı başa düşürlər ki, son vaxtlar Ukraynada və Yaxın Şərqdə baş verən müharibələr fonunda Orta Dəhlizin imkanları daha da genişlənib. Dəhlizin infrastrukturunun böyük hissəsinin məhz Azərbaycanda yerləşdiyini nəzərə alsaq, Fransanın Orta Dəhlizin inkişafına ehtiyacının artması təbii görünür. Bu baxımdan Fransanın Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmağa ehtiyacı var. Eyni zamanda, Fransa Mərkəzi Asiya ölkələrinin təbii ehtiyatlarına və kritik materiallarına maraq göstərir".

 

 

 

Politoloq həmçinin qeyd edib ki, xüsusilə, Özbəkistanla bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi gözlənilir:

 

 

 

"Özbəkistanın dünyanın ən böyük uran istehsalçılarından biri olması və Fransanın urana böyük maraq göstərməsi nəzərə alınarsa, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq baxımından Azərbaycanın rolu daha da əhəmiyyətli olur. Eləcə də bir sıra qlobal məsələlərdə Azərbaycanla Fransanın eyni mövqedən çıxış etməsi arzuolunan olardı. Bir sözlə, bütün hallarda bu görüş iki ölkə arasında münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət etməlidir. Azərbaycan tərəfdən belə bir ovqatın olduğunu görürük. Yetər ki, Fransa tərəfi də nazirlər səviyyəsində keçirilən görüşlərin dövlətlərarası münasibətlərin inkişafına təsir göstərmək potensialına lazımi qiymət versin".

 

 

Aişə Mustafayeva

#azərbaycan #münasibətləri #xəbər #baki #azərbaycan-fransa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər