ABŞ polkovnikinin qarşısına tələb qoyan
Əli Səbri Qasımov
Bu publisist Nehrəmli Əli Səbri Qasımov idi. 20-ci yüzilliyin əvvəllərində “Taqiyanuşzadə” təxəllüsü ilə “Molla Nəsrəddin”də çıxış edən bu publisist haqqında yazmağa məni varad edən onun jurnalistlik fəaliyyətindən çox milli təsübkeşliyi, vətənpərvərliyi oldu.
Əli Camal oğlu Qasımov 1892-ci ildə Nehrəm də dünyaya göz açıb. İlk olaraq mədrəsə təhsili alan Əli sonra dövrünün məşhur pedaqoqu, publisisti Məmməd Tağı Sidqinin Naxçıvandakı “Məktəbi-Tərbiyə” məktəbində oxuyub.
Mirzə Cəlilin məsləhətilə 1910-cu ildə Tiflisə gəlir və Qori Müəllimlər Seminariyasına daxil olur. Seminariyada bütün müsəlman uşaqlarına ata, qardaş olan Firidun bəylə ilk görüşü haqqında illər sonra xatirələrində yazırdı: “Qori Seminariyasında oxuyurdum. Hüseyn Caviddən bir açıq məktub aldım. O yazırdı: “Firidun bəyə de ki, mən Tiflisə gəlmişəm, işsizəm! Mən açıq məktubu aparıb Firidun bəyin stolunun üstünə qoydum. Cəsarət edib, fikrini soruşmadım. Lakin bir həftə sonra Tiflisdə evlərində qonaq olduğum qohumumuz Məşədi Əsgər Bağırov mənə dedi ki, Mirzə Hüseyn (Hüseyn Cavid) işə düzəlib, müəllimdir”.
Firidun bəy Köçərlinin qayğısı və köməkliyi ilə 1913-cü ildə Qori Müəllimlər Seminariyasında təhsilini başa vurub Bakıya gələn Əli Qasımov bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Sonra Mədən-Metallurgiya İnistitutunda təhsilini davam etdirir.
Bu zaman Naxçıvanda, Qarabağda yenidən erməni-müsəlman məsələsi baş qaldırmışdı. Ermənilərin hər gün müsəlmanlara qarşı etdikləri haqqsızlıqlar Əlini Naxçıvana qayıtmağa varad edir. Könüllü xalq dəstələrinin yaradılmasında böyük rolu olan Əli az bir zamanda böyük bir dəstənin yaradılmasına nail olur. Onun və dostlarının təşəbbüsü ilə Naxçıvanın müdafiyəsi nümayəndə heyəti yaradılır. Bu nümayəndə heyyətinin tərkibində Əli Naxçıvan əhalisinin “17 maddədən ibarət tələblərini 1919-cu il sentyabrın 9-da Tiflisdə Naxçıvan və Şərur-Dərələyəz qəzasının neytral zona elan olunaraq, onların ərazisində Naxçıvan general-qubernatorluğu yaradılmasını nəzərdə tutan “Haskel layihəsi”nin müəllifi, Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskelə təqdim edərək bildirki; “əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətini əldə silah qoruyacaqlar”.
Beləliklə, Naxçıvan, Ordubad, Şərur, Sürməli, Milistan, Vedibasar mahallarının əhalisi adından Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyinə göndərilən 1919-cu il 9 sentyabr tarixli sənədin hazırlanmasında, imzalanmasında və göndərilməsində Əli Səbri böyük rol oynayır. Əlinin bu üsyankar çıxışı amerikalı polkovnikin heç də ürəyincə olmur. Odur ki, 1919-cu ilin yayında ingilis-hərbi hökuməti Şərur-Naxçıvan ərazisində repressiyaya başlayanda ilk həbs edilən də Əli olur. Kütləvi həbslər zamanı yüzlərlə naxçıvanlı gənc Aleksandropola (Gümrü) sürgün edildi. Sürgün həyatı nə qədər ağır kecsə də nə Əlini, nə də onun məsləkdaşlarını inadından döndərə bildilər.
Əli sürgün həyatında da, ondan əvvəl və sonra da sözünü silahı ilə yanaşı qələmi ilə də deyib. Mətbuat aləminə hələ Qori Müəllimlər Seminariyasında oxuyarkən 1910-cu ildə gələn Əli Səbrinin ilk məqaləsi Haşım bəy Vəzirovun “Səda” qəzetində çap olub. “Səda”da çap olunan gənc sonralar “Məlumat”, “İqbal”, “Yeni irşad”, “Şəlalə”, “Molla Nəsrəddin” və s. mətbu orqanlarında müxtəlif mövzularda çıxış edən bir jurnalist, publisist kimi diqqəti cəlb edir. Ədəbiyyat və teatr mövzularına üstünlük verən Ə.Qasımov “Ə.Naxçıvanlı”, “Ə.Qasımov”, “Ə.Camal oğlu” və “Ə.S” imzaları ilə mətbuat aləmində tanınır.
Ə.Səbri bədii yaradıcılıqla da məşğul olub. “Solğun çiçək” adlı ilk kitabı 1913-cü ildə işıq üzü görüb. Tədqiqatçı alim Əziz Mirəhmədovun fikrincə “Solğun çiçək” Azərbaycan romanı tarixində ilk addımlardan biridir”.
Bir necə dili mükəmməl bilən Əli tərcümələrini əsasən rus dilindən edib. Çexov, Dmitriyev, L.Tolstoy və Taqor yaradıcılığına müraciət edən publisist 1914-cü ildə Bakıda xeyriyyə cəmiyyətlərinin yaranmasında, inkişafında yaxından köməklik edib. Məsələn, 1914-cü ildə Bakıda A.Şərifzadə və H.Abbasovla birlikdə “Səfa” xeyriyyə cəmiyyətinin yaradılmasına kömək etmiş və idarə heyətinin teatr bölməsinə üzv seçilib, milli kadrların və yeni teart tamaşalarının hazırlanmasında yaxından iştirak edib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Əli də bir çox qələm və məslək yoldaşları kimi mətbuatdan uzaqlaşıb. 1925-30-cü illər də Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alan Əli Səbri həmin illərdə həm də pedaqoji fəaliyyətlə məşğul olub. Ara-sıra mətbuatda çıxış edən Əli “Maarif işçisi” jurnalının bir necə sayına redaktorluq edib.
1920-30-cu illərdə Əli Səbrinin mətbuatda çox az çap olunan məqalələrinin mövzusu yalnılz teatrın təbliği, inkişafı ilə bağlıdır.1930-cu ildən 1950-ci illərin sonlarına kimi isə Əli Səbri imzası ilə demək olar ki mətbuatda rastlaşmadım. Nadir hallarda, o da yenə Azərbaycanda teatrın inkişafı ilə bağlı olan məqalələr. Zənincə 1937-ci ilin xofu Əli Səbrini mətbuatdan uzaqlaşdırıb bütün gücünü pedaqoji sahənin inkişafına yönəldib.
1960-70-ci illərdə Ə.Qasımov Azərbaycan Yazıçlar İttifaqında mühüm vəzifələrdə calışıb. Bir müddət Azərbaycan Yazıçlar ittifaqı ədəbi fondunun sədri olmuş və o zaman ölkənin ən böyük nəşriyyatlarından biri olan “Azərnəşr”də redaktor, tərcüməçi işləyib.
1978-ci ildə povest və hekayələrini çap etdirən Əli Səbrinin “Ömürdən yarpaq düşür” kitabı isə 1983-cü ildə işıq üzü görüb. Elə həmin ilin fevralında 91 yaşında Bakıda dünyasını dəyişən publisist zamanının çox hörmətli qələm sahibi olub. Bunun ədəbiyyatşünas alim Əziz Mirəhmədovun “Azərbaycan jurnalistləri və naşirləri” (ensiklopediya) adlı əsərində bir daha şahidi oluruq.
BDU-nun professoru Qərənfil Dünyaminqızı
