Azərbaycan yazıçılarını zibilə bənzədən “yazıçılarımız”
“Azərbaycan Sovet Yazıçıları İttifaqı sıraları zibillənmiş, bir çox çürük məfkurəli və düşmən ünsürlər yazıçılar ittifaqı sıralarına soxulmuşdular”. Qarşımda “Ədəbiyyat qəzeti”nin 1937-ci il mart, aprel, may, iyun aylarında çap olunan saylarında bu və buna bənzər sözlərlə, cümlələrlə tez-tez rastlaşdım. Onlarla qələm yoldaşlarını təhqir edərək zibilə bənzədən bu məqalə yazıçısı Əli Vəliyevə məxsusdur.Qələm yoldaşlarını zibil adlandırmaqda o zaman Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Seyfulla Şamilov heç də gənc yazar Əli Vəliyevdən geri qalmayıb.
“SSRİ Yazıçılar İttifaqı IV plenumunun yekunları və vəzifələrimiz” adlı məruzəsində və “Sayıqlığın kütləşdiyi yerdə” adlı məqaləsində dəfələrlə bu sözü işlədən sədr yazırdı: “Bu günə qədər ittifaqın bu qədər zibilləşməsinə səbəb olan M.K. Ələkbərli yoldaş öz səhvləri haqqında mətbuatda ciddi bir çıxış etməmişdir” (ziyalını, qələm, söz sahibini zibilə bənzətmək ən azından tərbiyəsizlik deyildimi?).
Arxiv sənədlərindən və dövrü mətbuatdan bəlli olur ki, 1937-ci ilin martın 18-dən, 23-dək Bakıda Azərbaycan Sovet Yazıçıları İttifaqının III plenumu keçirilib. Bu plenumun qərarlarından “ruhlanan bir çox yazarlarımız” böyük qardaşlarına xoş gəlmək üçün “nənəm mənə kor deyib, gələni-gedəni vur”,-deyib devizi ilə nə istəyiblər, onu da yazıblar.
Yazıların məzmununa diqqət yetirirəm. Amansız və haqsız tənqid və təhqir.Tənqid edənlər kimlərdir?Əsasən əvvəlki plenum və iclaslarda olduğu kimi, demək olar ki, müəlliflər eynidir: Əli Vəliyev, Süleyman Rüstəm, Səməd Vurğun, Mehdi Hüseyn, Məmməd Səid Ordubadi, Cəfər Xəndan, Osman Sarıvəlli, Seyfulla Şamilov…Zibil adlandırılanlar kimlərdir? Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli…
Məqalələrin sərlövhələrinə baxaq. "Düşmənlərə qarşı daha da amansız olalım”, “Sonadək ifşa etməli”, “Düşmənin hiylələri”, “Səhvlərimiz haqqında”, “Sıralarımızı təmizləməliyik”, “Sıralarımızda düşmənlərə yer yoxdur”, “Sayıqlığın kütləşdiyi yerdə”, “Təmizliyə başlamalıyıq”, “Partiyamızı qorumaq üçün daha amansız olmalıyıq”, “Plenumdan ruhlanırıq”, “Millətçilərə aramızda yer yoxdur”, “Xalq düşmənlərinə aramızda yer yoxdur”, “Dahi rəhbərə sədaqətimiz”, “Düşmən ünsürlər təmizlənməli” və s. Belə kəsərli yazılar o zamankı mətbuatımız arasında, əsasən, “Ədəbiyyat qəzeti”ndə və “İnqilab və mədəniyyət” jurnalında verilsə də, bu, bəzi bolşevikləri yenə də təmin etmirdi. Onlar bu mətbu orqanlarını çox kəskin, amansız olmağa sövq edirdilər. Məsələn, elə həmin plenumun sonuncu, 23 mart səhər iclasında Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin “Mədəniyyət və maarif” şöbəsinin müdiri Hökumə Sultanova öz çıxışında demişdi: “Mədəniyyət və İnqilab” jurnalının işində nöqsanlar var. Onlar öz işlərinin öhdəsindən gələ bilmirlər. Daha da amansız olmaq lazımdır, xüsusilə tənqid məsələsində. Lenin-Stalin partiyasının rəhbərliyi altında, əsasən, sağlam qüvvəyə malik olan yazıçılar olmalıdır”. Elə bu amansız çıxışdan sonra yenidən Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri S.Şamılova söz verilir. O, bu dəfə məsələni daha kəsərli qoyaraq çıxışını bu məzmunda bitirir: “Sovet Yazıçılar İttifaqında sovet ədəbiyyatına və sosializm quruluşuna xain olan və onun əsasını qazmağa çalışan Yusif Vəzir, Sanılı, Hüseyn Cavid, Müşfiq, Musaxanlı, Seyid Hüseyn kibi düşmənlərə yer yoxdur. Biz bu düşmənlərin iç üzünü və yaradıcılıqlarındakı kontrrevolyusion mahiyyəti bütün sovet ictimaiyyəti qarşısında açıb göstərməliyik. Bir dəqiqə belə gecikmək olmaz. Düşməni hərtərəfli və dərindən ifşa etməliyik”. (Cəmi iki il sonra sədaqətlə qulluq etdiyi bolşevik partiyası S.Şamılovun özünü “xalq düşməni” kimi ifşa edərək həbs edir). Fikir verin. Mərkəz Azərbaycan ziyalısını bir-biri ilə üz-üzə qoymuş, bir-birinin əli ilə onları məhv edirdi. Bu proses daha çox Azərbaycan Sovet Yazıçıları İttifaqının III və IV plenumlarından sonra baş verdi. Arxiv sənədləri və dövrü mətbuatdakı materiallarla tanış olarkən bir daha bunun şahidi oldum. Növbəti məqalələrin birində bu haqda geniş bəhs edəcəyik).
M.S.Ordubadi bütün çıxışlarında olduğu kimi, bu plenumdan sonra da öz bolşevik adına sadiq qalaraq məsələni qəti bir şəkildə qoyur ki: “İttifaq Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi kibi xalq düşmənlərinin ifşa edildiyi zamanda belə, Əhməd Cavad, Cavid, Sanılı, Salman Mümtaz və başqalarının məsələsini də həll etməli idi. 18 ildən bəri özünü düzəltmək istəməyən, əksinə, bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı daha bir çoxlarını ittifaq sırasından xaric etməklə ittifaqı bu kibilərinin təsirindən xilas etməliyik”.
Təcrübəli bolşevikin bu məzmunlu çıxışından “ruhlanan” gənc yazar Osman Sarıvəlli “Ədəbiyyat qəzeti”ndə “Nizamnama təhrif edilmişdir” sərlövhəli məqaləsində tənqiddən daha çox təhqirə yer verərək yazırdı: “…Azərbaycan Sovet Yazıçılar İttifaqına hal-hazırları şübhəli olan, müsavat partiyasının sabiq üzvləri (Çəmənzəminli, Seyid Hüseyn), iki üzlü trotskisist, millətçi xalq düşmənləri (Tağı Şahbazi, Talıblı, Əli Nazim), qolçomaq şair və münəqqidləri (Sanılı, Musaxanlı), əxlaqsızlar, piyansqalar, (Əli Nazim, Əli Razi), köhnə kitab dəllalları (Salman Mümtaz), “Mötəbər əfəndilər” (H.Cavid kibi), ümumiyyətlə, xalq düşmənləri qəbul edilmişlər… Əl-ələ verib düşmən tör-töküntülərini ifşa etməli, onları ittifaqdan bayıra atmalı və onlara qarşı amansız olmalı”.
Bu amansızlıqlar illər sonra Azərbaycan ədəbiyyatına, mətbuatına, bir sözlə, ədəbi-mədəni mühitinə, cəmiyyətinə çox baha başa gəldi. Ziyalısı söndürülmüş xalqımız bir müddət qaranlıqlar içərisində çabaladı.
BDU-nun professoru Qərənfil Dünyaminqızı