ABŞ Prezidenti İranda körpülərin və elektrik stansiyalarının bombalana biləcəyini açıqlayıb
Bundan sonra İran Hörmüz boğazında hər hansı gəmiyə raket, dron, eləcə də digər cihaz və ya silahla atəş açsa, Amerika Birləşmiş Ştatları (ABŞ) həmin an bu ölkənin 1 körpüsünü və ya elektrik stansiyasını bombalayacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, həm İranın, həm də ABŞ-nin qarşıdakı dövrdə hərbi addımlarını davam etdirmək niyyətində olduğu aydın görünür:
“Bunu hər iki tərəfin rəsmi açıqlamaları, eləcə də həyata keçirdikləri hərbi əməliyyatlar və endirdikləri zərbələr göstərir. Buna görə də hesab edirəm ki, bundan sonra da tərəflər qarşılıqlı tələblər irəli sürsələr də, bir-birinin mövqeyini nəzərə almadan öz milli maraqlarına uyğun hərəkət etməyə davam edəcəklər. İranın gələcəkdə hər hansı gəmiyə zərbə endirməsi və buna cavab olaraq ABŞ və ya müttəfiqlərinin İranın infrastrukturunu hədəfə alması ehtimalına gəlincə, belə bir ssenari baş versə belə, düşünmürəm ki, İran indiki mərhələdə geri addım atsın. İranın geri çəkilməsi üçün təkcə strateji əhəmiyyət daşıyan körpülərin, enerji obyektlərinin və ya digər mühüm infrastrukturun zədələnməsi kifayət etməyəcək. İran rəhbərliyi yalnız ölkənin hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini və mübarizəni davam etdirmək imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdığını hiss edərsə, öz siyasətinə yenidən baxa bilər. Uzaq məsafədən endirilən zərbələr nəticəsində ən mühüm obyektlər vurula, yüksək rütbəli hərbçilər və ya dövlət rəsmiləri hədəfə çevrilə bilər. Lakin bu, avtomatik olaraq mövcud siyasi sistemin çökməsi demək deyil. Çünki belə hallarda vəzifədən kənarlaşdırılan və ya sıradan çıxarılan şəxslərin yerinə yeniləri təyin olunur və dövlət idarəçiliyi müəyyən şəkildə davam etdirilir. Bu baxımdan hesab edirəm ki, təkcə ayrı-ayrı hədəflərə zərbələr endirməklə İran rəhbərliyinin öz mövqeyindən geri çəkilməsinə nail olmaq çətin görünür. Mənim fikrimcə, yalnız ölkə üzərində tam hərbi və siyasi nəzarətin təmin olunduğu ssenari belə bir nəticəyə gətirib çıxara bilər. Əks halda, İran hakimiyyətinin qısa müddətdə təslim olacağı və ya mövcud siyasi iddialarından könüllü şəkildə geri çəkiləcəyi inandırıcı görünmür”.
Güllər Gülhüseynova