00:00:00
Yazar
Elmira Ağayeva
21.05.2026 20:46 46 3 dəq oxuma
Siyasət

ABŞ Qərb yarımkürəsində liderliyini qorumaqda israrlıdır

ABŞ Qərb yarımkürəsində liderliyini qorumaqda israrlıdır

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Qərb yarımkürəsində öz dominantlığını qorumaq niyyətindədir və bu mövqeyə yönələn heç bir çağırışa yol verməyəcək. O, Konnektikut ştatında Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısında çıxışı zamanı bunu ABŞ-ın milli təhlükəsizliyinin əsas prinsiplərindən biri kimi dəyərləndirib.

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları təkcə həmin bölgədə deyil, dünyanın digər regionlarında da dominant mövqeyə malikdir:

“ABŞ artıq bu üstünlüyü təmin edib və belə bir şəraitdə Qərb yarımkürəsində, xüsusilə də Şimali və Cənubi Amerika qitələrində, eləcə də ətraf adalarda, o cümlədən Kubada liderliyini qorumaqla bağlı ciddi narahatlıq üçün əsas yoxdur. ABŞ alternativsiz qlobal gücə çevrilib və dünyanın hər yerində sözü və gücü keçərlidir. ABŞ özünün də mənsub olduğu bölgədə üçüncü tərəflərin fəallaşmasını istəmir. Rusiya, Çin, hətta Avropa İttifaqının həmin bölgədə maraqları mövcuddur və bu qüvvələr alternativ təsir mexanizmləri yaratmağa çalışırlar. Lakin ABŞ buna dözmək niyyətində deyil. Bu mövqe Latın Amerikası ölkələri ilə münasibətlərdə müəyyən gərginlik yarada bilər, amma zamanla bu gərginlik aradan qalxacaq. O, 2025-ci il yanvarın 20-də Donald Trampın prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Panama kanalı ilə bağlı məsələ qaldırdığını xatırladıb. Bildirib ki, ABŞ Panama kanalının Çinin təsiri altına keçməsindən narahat idi və bu səbəbdən kanalı geri almaq niyyətini ortaya qoyub. Sonradan Panama hökumətinin lazımi addımlar atması və Çinin bölgədən çıxarılması nəticəsində münaqişə yaranmayıb”.

Azər Həsrətin fikrincə, ABŞ bu cür addımlarla Latın Amerikası ölkələrini tədricən öz nəzarəti altına alacaq:

“Bu nəzarət birbaşa diktə formasında deyil, həmin ölkələrin digər iddialı qlobal güclərin təsiri altına düşməsinin qarşısını almaq məqsədi daşıyır. Beynəlxalq hüququn selektiv tətbiq olunduğunu vurğulayaraq bildirib ki, hüquq yalnız kiminsə maraqlarına uyğun gəldikdə işlək olur. O, Azərbaycanın uzun illər işğal altında qalan torpaqları ilə bağlı beynəlxalq hüquqa istinad etdiyini, lakin BMT-nin dörd qətnaməsinin icra olunmadığını xatırladıb. Nəticədə Azərbaycanın öz gücünə arxalanaraq torpaqlarını azad etdiyini qeyd edib. Bu baxımdan ABŞ-ın davranışlarını beynəlxalq hüquq müstəvisində qiymətləndirmək doğru deyil. Hazırkı qlobal reallıq güc amilinin həlledici rol oynadığını göstərir. ABŞ güclü dövlətdir və bu güc sayəsində istədiklərinə nail olur. Regional əməkdaşlığa toxunan şərhçi bildirib ki, ABŞ Latın Amerikası ölkələrinə pis alternativlər təklif etmir. O, Kubanı nümunə göstərərək qeyd edib ki, ABŞ ilə vaxtında anlaşma əldə edilsəydi, Kuba regionun ən inkişaf etmiş ölkələrindən biri ola bilərdi. Hazırda isə ölkə ciddi iqtisadi və sosial problemlərlə üzləşib. ABŞ qlobal bazarın hegemon dövlətlərindən biridir, BMT də daxil olmaqla beynəlxalq idarəetmə mexanizmlərində aparıcı rol oynayır və hərbi-iqtisadi gücü baxımından digər dövlətlərdən xeyli irəlidədir. Nə Çin, nə Rusiya, nə də Avropa İttifaqı bu göstəricilərə görə ABŞ-la müqayisə oluna bilər. Amerika Birləşmiş Ştatları real gücdür və məhz bu gücə görə də öz strateji məqsədlərinə nail olacaq”.

Mələk Hüseynova

#ABŞ #Çin #Rusiya #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər