ABŞ qüvvələri Hörmüz boğazında daha bir gəmini sıradan çıxarıb
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İrana qarşı tətbiq edilən blokadanı pozmağa cəhd edən gəmiyə qarşı hərbi əməliyyat keçirildiyini açıqlayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Hörmüz boğazı ilə bağlı mübarizə davam etməkdədir:
"ABŞ bu boğaza nəzarəti tam ələ almaqla İranı öz tələblərinə tabe etmək istəyir. Lakin İran da hələ təslimçilik göstərmir və beləcə qarşılıqlı hücumlar, gərginlik davam edir. Hazırda ABŞ-nin Hörmüz boğazında gəmini vurması İranın əks zərbəsi ilə nəticələnə bilər. Lakin hələ ki, yenidən böyük müharibənin başlaması ehtimalı azdır. Çünki ABŞ əsasən Yaxın Şərqdə İranın qüvvələrini neytrallaşdırmaq istəyir. Bu proses hazırda Yəmən, Livan və İraqda gedir. Nəticə ortaya çıxmayınca ABŞ İrana qarşı hücuma başlaya bilməz. Çünki İranın uzaqmənzilli raketləri ilə yanaşı Yəmənin Ənsarullah təşkilatı bu hücum başladığı təqdirdə ağır zərbələr endirə bilər. İsrailin hava hücumundan müdafiə sisteminin belə hücumlara davamlı olmadığı da ötən prosesdə ortaya çıxmış olub. Beləliklə Yaxın Şərqdə nəticə hasil olmayınca ABŞ-nin yaxud İsrailin İrana qarşı yenidən müharibə başlaması ehtimalı azdır. Müəyyən lokal qarşıdurmalar, qarşılıqlı zərbələr ola bilər. İran əsasən Körfəz ölkələrini vura bilər, lakin indiki halda hələ ki, qarşılıqlı zərbələr olsa da davamlı müharibə gözlənilmir".
Səadət Əlizadə