ABŞ qüvvələri İranla əlaqəli gəmilərin marşrutunu dəyişdirib - ŞƏRH
130 ticarət gəmisinin marşrutunun dəyişdirilməsi regionda iqtisadi və hərbi gərginliyi artırır.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İran və ABŞ arasında mövcud gərginlik siyasi və hərbi müstəvidən beynəlxalq mühitə ciddi təsir edəcək iqtisadi problemlərə yol açır:
ABŞ qüvvələrinin İrana qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində 130 ticarət gəmisinin marşrutunu dəyişdirməsi regiondakı hərbi-iqtisadi gərginliyi maksimum həddə çatdıracaq və İranın regional təsir imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Bu addım iyulun 14-də bərpa olunmuş genişmiqyaslı dəniz blokadasının icrası çərçivəsində atılıb. Blokada çərçivəsində yalnız gəmilərin yönü dəyişdirilməyib, həmçinin tabe olmayan 3 gəmi sıradan çıxarılıb və son 12 həftədə İranla əlaqəli 13 kommersiya gəmisi məhv edilib. Bu genişmiqyaslı hərbiəməliyyatların İranla bağlı vəziyyətə və regiona ciddi təsirləri var. Belə ki, marşrutu dəyişdirilən və ya məhv edilən gəmilərin böyük hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun milyardlarla dollar dəyərindəki gizli ticarət şəbəkəsinə məxsusdur.
Politoloq qeyd edib ki, gəmilərin blokadaya alınması və istiqamətlərinin dəyişdirilməsi rəsmi Tehranın və xüsusilə, SEPAH-ın qeyri-qanuni neft satışı, silah qaçaqmalçılığı və maliyyə dövriyyəsini iflic edir.
Bununla yanaşı Vaşinqtonun bu blokadanı bərpa etməkdə əsas məqsədi İranın Yaxın Şərqdəki proksi qüvvələrini, Yəməndəki husiləri, Livandakı Hizbullahı təchiz edən qaçaqmalçılıq yollarını bağlamaqdır. Gəmilərin dənizdə bloklanması bu qruplara gedən hərbi və maliyyə dəstəyinin kəskin şəkildə azalması ilə nəticələnir. ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı və Oman körfəzi yaxınlığında keçirdiyi bu sərt əməliyyatlar hazırda qlobal dəniz ticarətində böyük fasilələrə və marşrut dəyişikliklərinə səbəb olub. ABŞ-İran qarşıdurmasının bu müstəviyə keçməsi dünyada neft, qaz və benzin qiymətlərinin bahalaşmasını stimullaşdıraraq qlobal enerji böhranını dərinləşdirir.
Tural İrfanın sözlərinə görə, ABŞ hərbi komandanlığı blokadanı tam gücü ilə davam etdirəcəyini və İrana qarşı maksimum təzyiq rıçaqlarını əlində saxlayacağını bəyan edib.
Beləliklə gərginliyin daha da artacağı və İran hakimiyyətinə qarşı təsir rıçaqlarının daha da güclənməsi gözlənilir. İran problemi tamamilə həllini tapana qədər dünya iqtisadiyyatında təlatümlər, neftin qiyməti ilə bağlı fərqlər də təbii olaraq artacaq.
Nurgün Qənizadə