ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, danışıqlar hərbi mərhələyə keçə bilər
ABŞ və İran arasında nüvə proqramı ilə bağlı gərginlik yenidən artıb. ABŞ rəsmiləri bildiriblər ki, İran təqdim etdiyi yeni təklifdə bəzi dəyişikliklər etsə də, Vaşinqton bunu yetərli hesab etmir.
ABŞ-nin yüksəkvəzifəli rəsmisi bildirib ki, əgər İran mövqeyini dəyişməsə və nüvə proqramı ilə bağlı daha konkret öhdəliklər götürməsə, danışıqlar hərbi vasitələrlə davam etdirilə bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, indi analitiklər iki hissəyə ayrılıb:
"Bir qrup deyir ki, Trampın hücum etmək niyyəti yoxdur, sadəcə hədələyir. İkinci qrupun fikrincə isə İran Vaşinqtonu razı salacaq şərtlərlə danışıqlar masasına gəlməsə əvvəlkindən də güclü hücumla qarşılaşacaq. Əslində, hər iki tərəfin də fikirlərini asaslandırmaq üçün kifayət qədər arqumenti var. Əvvəla onu deyim ki, Tramp hərbi müdaxilə xəbərlərinin yayılmasına şərait yaratmaqla hədə-qorxu ilə İranı diplomatik masada məğlub etməyə çalışır. Nəzrə alaq ki, Tramp bu üsuldan əvvəllər də istifadə edib və çox vaxt istədiyi nəticəni əldə edib. Amma məsələ burasındadır ki, İran əvvəlki rəqiblərə bənzəmir və müqavimət göstərir. Belə vəziyyətdə isə ikinci qrupun irəli sürdüyü təhlükəli müharibə variantı daha güclü ehtimal kimi görünür. Çünki Tramp ABŞ-nin nüfuzunun İran sahillərində məhv olmasına imkan verməyəcək. Amma səmimi olsaq, indiki vəziyyətdə nə Tehran, nə də Vaşinqton müharibədə maraqlıdır. Buna görə də tərəflərin kompramis yolu ilə razılığa gəlmək ehtimalı hələ də qalmaqdadır".
Aişə Mustafayeva