ABŞ Rusiya ilə savaşa Polşadan başlayacaq?
Rusiya ilə Avropa arasında, xüsusilə də Moskva ilə NATO ölkələri arasındakı gərginlik son dövrlərdə daha da artıb. Polşanın NATO-nun şərq cinahında yerləşməsi və ölkədə hərbi hazırlıqların gücləndirilməsi Rusiyanın mümkün təhdidinə dair müzakirələri yenidən gündəmə gətirib. Bəs Rusiya ilə Polşa arasında birbaşa qarşıdurma ehtimalı nə dərəcədə realdır? Bu, daha geniş Rusiya-NATO müharibəsinə çevrilə bilərmi?
Mövzu ilə bağlı politoloq Əli Msutafa “İnformator.az”a açıqlamasında bildirib ki, son vaxtlar Rusiya ilə Avropa arasında gərginlik artır və daha çox bu gərginliyin müharibəyə çevrilməsi ehtimalları üzərində fikirlər səslənir:
“Polşa son vaxtlar daha çox NATO ölkələrinin və digər ölkələrin diqqət mərkəzindədir. Amma indi daha çox Polşanın Rusiyanın savaşa başlamasında daha real ehtimallar var. Həm Rusiya, həm də Polşa sanki bir savaşa hazırlaşır. Son vaxtlar ümumiyyətlə, Amerikanın Polşada bazalarını yerləşdirmək cəhdləri də sanki Polşanı Rusiyanın təhdidindən və yaxud da təcavüzündən qorumağa xidmət edən bir addım kimi görünür. Amma eyni zamanda, bu, həm də Amerikanın Rusiyaya qarşı müharibə hazırlığının, planının bir hissəsi ola bilər. Hər halda, Tramp ilə Rusiyanın münasibətləri bəzən Amerika-Rusiya münasibətlərində gərginliyin olmayacağı ehtimallarını verir. Amma dərindən baxanda, paralel olaraq biz digər cəbhələrdə əslində Amerika ilə Rusiya arasında qarşıdurmanı da görürük. Yəni bu ehtimal da ağlabatandır. Polşada çox ciddi şəkildə müharibəyə hazırlaşırlar. Düzdür, Polşa ilə Rusiyanın hərbi gücü eyni deyil. Hər halda, Rusiya daha güclü hesab olunur. Amma nəzərə alsaq ki, Rusiyanın Ukrayna müharibəsi, bir cəbhəsi var, ikinci bir Polşa cəbhəsi onun üçün ağır ola bilər”.
Politoloq həmçinin bunu da qeyd edib ki, Rusiya müharibəyə gedəcəksə, birbaşa NATO ilə döyüşmək Ukrayna ilə döyüşməkdən daha məqbul görünə bilər.
“Eyni zamanda, ola bilsin, Rusiya düşünür ki, Avropa zəifdir və bu qarşıdurmada Avropa ona qarşı bir şey edə bilməz. Amma bütün hallarda Polşanın arxasında NATO-nun olduğunu və Amerikanın da NATO-nun bəzi olduğunu nəzərə alsaq, əslində bu qarşıdurma Rusiya üçün də təhlükəli ssenaridir. Yəni bu məsələlər yəqin ki, Rusiya üçün də yaxşı bir şey vəd etmir. Amma bütün hallarda bu gərginliyin və bu istiqamətlərin davam etdiyini görürük”.
Güllər Gülhüseynova