ABŞ əsgərləri İranda parça-parça olacaq - Metyu Ho
“İranda quru əməliyyatı öncədən uğursuzluğa məhkumdur, ABŞ uğursuz olacaq, çünki İran coğrafiyası müdafiəyə üstünlük verir”.
Bunu ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan kapitanı Metyu Ho deyib.
"Əgər biz quru qoşunlarını (İrana) göndərməyə çalışsaq, sayından asılı olmayaraq, onlar parça-parça olacaq. İndi münaqişədə təşəbbüs Tehranın tərəfindədir və Vaşinqton əməliyyatı davam etdirməklə öz mövqeyini daha da pisləşdirir", - o bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, İran üzərində hərbi qələbə qazanmaq o qədər də asan olmaya bilər:
“Təbii ki, İranın coğrafiyası İraq coğrafiyasından tamamilə fərqlidir. İraqda səhralıqlar daha böyük əraziləri əhatə edirdi və Amerika Birləşmiş Ştatlarının ordusu daha asanlıqla irəliləyə bilirdi. Ona görə də, ABŞ İraqda qısa müddətdə hərbi qələbə qazanmağa nail olub. Ancaq İranda o qədər də asan olmaya bilər. Çünki İranın coğrafiyası dağlıq ərazilərdən ibarətdir. Belə şəraitdə hücum edən tərəf üçün kifayət qədər ciddi hərbi problemlər yarana bilər. Hücum edən tərəfin itkilərinin çox olma ehtimalı kifayət qədər yüksəkdir. Bu baxımdan hesab etmək olar ki, ABŞ-nin İranda quru əməliyyatlarına başlaması olduqca təhlükəli bir savaş mərhələsinə çevrilə bilər.
Pentaqonun hansı savaş planı üzrə hərəkət ediləcəyi hələlik bilinmir. Çünki Pentaqon indiki mərhələdə Yaxın Şərqə quru qoşunlarının göndərilməsi ilə məşğuldur. İrana hücum edilərək hansısa ərazilərin tutulması ilə bağlı planların qurulduğu ehtimal olunur. Ancaq bu əməliyyatın uğur qazanma ehtimalı ilə bağlı hələlik qeyri-müəyyən təsəvvürlər mövcuddur. Rəsmi Tehran da ABŞ-nin quru əməliyyatları keçirə biləcəyini istisna etmir. Böyük ehtimalla, quru əməliyyatlarına hazırlaşır. Yəni İran Silahlı Qüvvələri də müdafiə hazırlığı içərisindədir. Buna görə çox gərgin və ağır döyüşlərin ola biləcəyi istisna deyil. Bu da Amerika ordusu üçün ciddi problemlər yarada bilər. Ancaq belə bir savaşın hansı nəticələr verə biləcəyini əvvəlcədən təxmin etmək o qədər də asan məsələ kimi görünmür”.

Lalə Qurbanlı