ABŞ Ukraynaya verilən sursatdan daha çoxunu İranda istifadə edib - ŞƏRH
ABŞ-İran müharibəsində Vaşinqtonun istifadə etdiyi sursatın həcmi ilə bağlı yeni məlumatlar gündəmə gəlib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, ABŞ-nin İranda daha çox hərbi sursat, avadanlıq və digər hərbi vasitələrdən istifadə etməsi təbiidir:
“ABŞ İranda birbaşa hərbi əməliyyat aparır və müəyyən fasilələrlə hücumlarını davam etdirir. Bu baxımdan, burada daha çox sursatdan istifadə olunması məntiqli və başadüşüləndir. Ukraynaya gəlincə, söhbət ABŞ üçün xarici dövlətdən gedir. Vaşinqton Ukraynaya nə qədər hərbi yardım göstərib-göstərməmək, yaxud nə qədər silah-sursat verməklə bağlı qərarı özü sərbəst şəkildə qəbul edir. ABŞ daha az və ya daha çox yardım göstərə, yaxud ümumiyyətlə, yardım etməyə bilər. Heç kim Vaşinqtona “İrana niyə daha çox sursat sərf edirsən, Ukraynaya isə vermirsən?” iradı ilə çıxış edə bilməz. ABŞ tədricən daha çox özünə yönəlir. Bunun əsas səbəblərindən biri də ölkə üçün hər bir əsgərin və zabitin həyatının böyük əhəmiyyət daşımasıdır. Vaşinqton mümkün qədər öz canlı qüvvəsini birbaşa döyüşlərə göndərməkdən çəkinir”.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ-nin Ukraynaya hərbi yardımları da davam edəcək:
“Burada müəyyən taktiki dəyişiklik baş verib. Donald Tramp prezidentliyə başladıqdan sonra yanaşmalardan biri ondan ibarət oldu ki, ABŞ Ukraynaya silahı birbaşa yardım formasında deyil, daha çox Avropa dövlətləri üzərindən sata bilər. Avropa dövlətləri maliyyə imkanlarını artırıb daha çox vəsait ayırsalar, ABŞ-nin satmağa hazır olduğu silah-sursatın həcminin ciddi şəkildə məhdudlaşacağını düşünmürəm. Vaşinqton üçün əsas məsələ həmin silahların maliyyələşdirilməsidir. ABŞ-nin yardım göstərməklə yanaşı, silah satışından da iqtisadi marağı var”.
Müsahibin sözlərinə görə, ABŞ-nin hazırkı silah-sursat sərfiyyatı ölkənin ümumi hərbi potensialına ciddi təsir göstərməyəcək:
“ABŞ-nin ehtiyatları böyükdür və yeni silah-sursat istehsal etmək imkanları da kifayət qədər genişdir. ABŞ-nin hərbi büdcəsinin nəhəng həcmi də bunu göstərir. Donald Trampın daha əvvəl verdiyi açıqlamalarda da ABŞ-nin mövcud ehtiyatlarla, yeni istehsal həyata keçirmədən belə, uzun müddət müharibə aparmaq imkanına malik olduğu bildirilib”.
Selcan Xudiyeva