ABŞ Uzaq Şərqdə Çin və Rusiyaya qarşı mövqelərini gücləndirməyə çalışır
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla aralarında qarşılıqlı anlaşmanın olduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Azad Məsiyev bildirib ki, ABŞ dünyanın müxtəlif bölgələrində öz nüfuz dairəsini genişləndirmək siyasəti yürüdür:
“Bu strategiyanın əsas istiqamətlərindən biri Uzaq Şərqdir. Burada ABŞ-nin əsas hədəfi iqtisadi gücünə görə təhlükə hesab etdiyi Çindir. Vaşinqton Çin ətrafında mövqelərini gücləndirməyə çalışır. Bu siyasətdə Şimali Koreya da xüsusi yer tutur. Tramp Şimali Koreya ilə əlaqələri genişləndirərək onu ABŞ-nin təsir dairəsinə yaxınlaşdırmağa çalışır. Digər tərəfdən, Şimali Koreya ilə Rusiya arasında iqtisadi, siyasi və hərbi sahələrdə strateji əməkdaşlıq mövcuddur. Şimali Koreyadan Rusiyaya silah və hərbi kontingentin göndərilməsi barədə məlumatlar var. Rusiya Çin və Şimali Koreya ilə əməkdaşlığını genişləndirir. ABŞ isə Rusiyanın yaxın olduğu dövlətlərlə əlaqələr quraraq onun imkanlarını məhdudlaşdırmağa çalışır. Şimali Koreya ilə münasibətlərin inkişaf etdirilməsi də bu siyasətin bir hissəsidir”.
Azad Məsiyevin sözlərinə görə, ABŞ-nin əsas strategiyası dünya siyasətində dominant mövqeyini qorumaqdır:
"Hərbi gücünə görə Rusiya, iqtisadi gücünə görə isə Çin Vaşinqton üçün əsas rəqiblərdir. Şimali Koreya ilə münasibətlərin qurulması və Tayvana dəstək göstərilməsi də Çin ətrafında təzyiqin artırılmasına xidmət edir. ABŞ Şimali Koreyanı iqtisadi baxımdan öz təsir dairəsinə salmaq və onun Rusiya ilə Çinlə əlaqələrini zəiflətmək istəyir. Lakin hesab edirəm ki, bu siyasət uğurlu olmayacaq. Şimali Koreyanın həm Rusiya, həm də Çinlə uzunmüddətli strateji əməkdaşlığı mövcuddur. ABŞ ilə diplomatik əlaqələrin genişləndirilməsi daha çox siyasi görüntü xarakteri daşıyacaq. Çünki Amerika ilə dost olmaq da faciədir, düşmən olmaq da faciədir.
Nurgün Qənizadə