“ABŞ və Çin İranın nüvə silahı əldə etməməsi ilə bağlı ortaq mövqeyə gəliblər”-ŞƏRH
“ABŞ-nin İranla bağlı məsələdə Çinin köməyinə ehtiyacı yoxdur”.
Bunu Donald Trump deyib.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp ikinci gündür Çində səfərdədir:
“O, Çin rəhbəri Xi Jinping ilə görüşüb və artıq İranla bağlı bəzi məsələlərdə razılıq əldə olunub. İlk növbədə Çin rəhbərliyi ilə ABŞ Hörmüz boğazının açıq saxlanılması və oradan keçən gəmilərdən əlavə rüsum alınmaması məsələsində ortaq mövqe nümayiş etdirib. Bundan başqa, ABŞ mətbuatının və Donald Trampın açıqlamalarına görə, tərəflər İranın heç vaxt nüvə silahına malik olmaması məsələsində də razılığa gəliblər.
Tramp uzun müddətdir İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır və bildirir ki, Tehran heç vaxt bu imkana sahib olmayacaq. O, həmçinin zənginləşdirilmiş uranın ölkədən çıxarılması məsələsini də gündəmə gətirib. İranla bağlı əsas məsələlərdə ABŞ və Çin kimi dünyanın aparıcı gücləri müəyyən ortaq mövqe formalaşdırıblar.
Təbii ki, İranın dərhal geri addım atacağı gözlənilmir. Rəsmi Tehran nüvə proqramının yalnız enerji və tibb kimi dinc məqsədlər üçün nəzərdə tutulduğunu bildirir. Lakin beynəlxalq ekspertlər uranın zənginləşdirilməsinin nüvə silahı istehsalı üçün də istifadə oluna biləcəyini qeyd edirlər.
ABŞ–İsrail–İran qarşıdurması zamanı Çin İrana dəstək nümayiş etdirdi və ABŞ ilə İsrailin hərbi addımlarına qarşı bəyanatlar verdi”.
Politoloq əlavə edib ki, Çin müharibə dövründə İrana hərbi dəstək də göstərib:
“ABŞ kəşfiyyatının məlumatlarına görə, Çin Afrika ölkələri üzərindən İrana hərbi yardım edib. Müharibə dövründə Çin yük təyyarələrinin İran ərazisinə eniş etdiyi də müşahidə olunub. Bu isə Çin və İran arasında strateji müttəfiqliyin mövcud olduğunu göstərir.
Çin bu müharibədə İranı ona görə dəstəkləyirdi ki, ABŞ onun əsas geosiyasi rəqibidir. Pekin Vaşinqtonu zəiflətmək üçün yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışırdı. Müharibə nəticəsində ABŞ-nin silah və raket ehtiyatlarının müəyyən qədər azaldığı da müşahidə olundu. Bu isə gələcəkdə Çinlə mümkün qarşıdurma baxımından Vaşinqton üçün risk hesab olunur.
Bununla yanaşı, Çin Hörmüz boğazının açıq qalması məsələsində beynəlxalq iqtisadi maraqları nəzərə alan mövqe sərgiləyib. Çünki boğazın bağlanması dünya iqtisadiyyatı üçün ciddi təhlükə yarada bilər. İranın nüvə silahı əldə etməsi isə region ölkələri üçün əlavə təhlükə hesab olunur.
Əgər İran nüvə proqramı ilə bağlı güzəştə getsə, ABŞ ilə münasibətlərin normallaşması mümkündür. Əks halda, Donald Trampın ABŞ-yə qayıtdıqdan sonra İrana qarşı daha sərt addımlar ata biləcəyi istisna olunmur. Hazırda Körfəz bölgəsində on minlərlə Amerika hərbçisinin, təyyarədaşıyan gəmilərin və nüvə başlıqlı sualtı qayıqların yerləşdirilməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir”.
Nuray Əliyeva