ABŞ və Çin liderləri telefon danışığı aparıblar
ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Ukraynadakı böhranı və İran ətrafındakı vəziyyəti müzakirə etdiyini bildirib.
Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Prezidentinin Çin Xalq Respublikasının sədri ilə telefon danışığı mühüm əhəmiyyət kəsb edir:
“Nəticə etibarilə söhbət iki böyük güc mərkəzindən və onların liderlərindən gedir. Hələlik Çin beynəlxalq münasibətlər sistemində ABŞ qədər imperativ rol oynamasa da, buna baxmayaraq, dünyanın müxtəlif nöqtələrində baş verən proseslərə təsir etmək imkanlarına malikdir. Xüsusilə məsələ Rusiya-Ukrayna müharibəsi ilə bağlıdırsa, Çinin bu kontekstdə hansı mövqedə olduğu bəllidir. 2011-ci ildən sonra Çin Xalq Respublikasının Yaxın Şərq siyasətində daha aktiv iştirak etdiyini müşahidə edirik və bu, xüsusən İranla münasibətlər kontekstində daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Çünki İran neftinin əsas idxalçısı məhz Çindir. Nəticə etibarilə, bu münasibətlər İran üçün müəyyən hərbi texnologiyaların əlçatan olmasını təmin edib. Biz bunu İranın dron sənayesində, eləcə də uzunmənzilli ballistik raketlərin istehsalında aydın şəkildə gördük. Bəzi mənbələrin qeyd etdiyinə görə, son günlərdə İranın ABŞ-yə qarşı bu cür cəsarətli davranışının arxasında Çindən əldə edilən yeni texnologiyalar dayanır. Düşünürəm ki, ABŞ Prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında aparılan bu cür danışıqlar proseslərin gələcəyinə və onların hansı istiqamətdə inkişaf edəcəyinə təsir göstərə bilər. Lakin bu cəhdlərin Çini öz mövcud mövqeyindən yayındırması real görünmür. Axı söhbət qlobal Cənubun lider ölkələrindən birindən gedir”.
Selcan Xudiyeva
