ABŞ və İran arasında diplomatik irəliləyiş gözləntiləri neftin ucuzlaşmasına səbəb olub
ABŞ və İran arasında diplomatik təmasların mümkünlüyü neft bazarında qiymətlərin aşağı düşməsi ilə nəticələnə bilər.
Mövzu ilə bağlı "İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ və İran arasındakı münasibətlərin tənzimlənməsi, əlbəttə ki, neftin qiymətinə birbaşa təsir göstərə biləcək hadisədir:
“İki ölkə arasında əldə olunacaq razılaşma Hörmüz boğazında vəziyyətin sabitləşməsinə səbəb ola bilər. Bu da istər-istəməz neft bazarına təsir göstərəcək. Hazırda razılaşmanın olub-olmayacağı ilə bağlı dəqiq fikir söyləmək mümkün deyil. Lakin tərəflər arasında müəyyən müzakirələrin aparıldığı barədə məlumatlar var. İran tərəfi bunu inkar etsə də, ABŞ mənbələri iki ölkə arasında müxtəlif məsələlərlə bağlı müzakirələrin getdiyini bildirir”.
Politoloq qeyd edib ki, hazırda İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkdadır. Bu səfər zamanı onun ABŞ rəsmiləri ilə görüşməsi istisna edilmir.
Zeynal Əmrəliyevin sözlərinə görə, tərəflər arasında müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi mümkündür.
Əvvəlki dövrlərdə olduğu kimi, ikitərəfli və çoxtərəfli formatda fikir mübadilələri aparıla bilər. Əgər xüsusilə, Hörmüz boğazı ilə bağlı razılaşma əldə olunarsa, bu, dünya bazarında neftin qiymətinə ciddi təsir göstərə və qiymətlərin azalmasına səbəb ola bilər.
Nurgün Qənizadə