ABŞ və İran arasında əldə olunmuş atəşkəs olduqca qeyri-müəyyən xarakter daşıyır- ŞƏRH
“Amerika Birləşmiş Ştatları və İran arasında əldə olunmuş atəşkəs anlaşması hazırda olduqca qeyri-müəyyən xarakter daşıyır. Bunun əsas səbəbi tərəflərin verdiyi bəyanatların bir-biri ilə kəskin ziddiyyət təşkil etməsidir”.
Bunu politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib.
“Əsas məsələ də ondan ibarətdir ki, ABŞ-nin atəşkəs üçün 15 bənddən ibarət şərtləri mövcuddur. Eynilə İranın da 10 bənddən ibarət şərtləri mövcuddur. İranın şərtlərinə diqqət yetirdikdə məlum olur ki, ABŞ-nin savaşın başlamasına səbəb olmuş tələbləri qarşısında İran hələ də geri çəkilmək niyyətində deyil. Nüvə proqramı ilə bağlı məsələ hələ də gündəmdədir. ABŞ bu məsələnin həll olunduğunu iddia etsə də, rəsmi Tehran bunun əksini bildirir və nüvə proqramından imtina etmək niyyətində olmadığını bəyan edir. Üstəlik, bu və buna bağlı digər məsələləri 10 bəndlik atəşkəs şərtlərinin sırasına daxil edib. Bütün bunları nəzərə aldıqda belə anlaşılır ki, atəşkəs anlaşması çox kövrək xarakter daşıyır. Hər an pozula biləcək bir məzmundadır və ümumiyyətlə, atəşkəsin 14 gündən sonra sülh sazişinə çevrilmə ehtimalı o qədər də yüksək deyil. Hər iki tərəfin şərtlərinin ümumiləşdirilərək razılaşdırılması, demək olar ki, mümkün deyil. Çünki İranın şərtlərinin əksəriyyəti ABŞ-nin maraqlarına kəskin şəkildə ziddir. Eyni zamanda ABŞ-nin də şərtləri İranın maraqlarına cavab vermir və rəsmi Tehran bəzilərinə etiraz edir.
Bu da onu göstərir ki, 14 gün ərzində aparılacaq danışıqlar gözlənilən nəticələrdən uzaq qala bilər. Belə olduğu halda, hərbi əməliyyatların yenidən bərpa olunması və yaxud savaşın dondurulmuş mərhələyə keçməsi qətiyyən istisna deyil. Dondurulmuş mərhələ isə o deməkdir ki, savaş hər an bərpa oluna bilər. Bu baxımdan hesab etmək olar ki, yaxın iki həftə Yaxın Şərqdə sülhün və sabitliyin bərpa olunub-olunmayacağı ilə bağlı bir çox suallara cavab verəcək. Savaş yenidən başlaya da bilər və böyük ehtimalla ABŞ və İran arasında anlaşmanın əldə olunması baş tutmaya bilər. Burada əsas faktorlardan biri ondan ibarətdir ki, Çin İrana savaşın dayandırılması üçün təzyiq göstərir, Pakistan da ABŞ ilə İranın anlaşması üçün əlindən gələn hər şeyi edir. İndiki situasiya olduqca qəlizdir və “nə hərb, nə sülh” vəziyyəti yaranmış kimi görünür. Bunun da hansı istiqamətə yönələcəyi təxminən iki həftə ərzində aydınlaşmağa başlayacaq”, - ekspert qeyd edib.

Lalə Qurbanlı