“ABŞ və Rusiya İran məsələsində anlaşarsa, yeni mərhələ başlaya bilər” – ŞƏRH
“ABŞ Prezidenti Donald Trumpın Rusiyaya səfər dəvəti hələ də aktualdır”.
Bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın Rusiyaya səfərinin baş tutacağı ehtimalı yüksək görünmür:
“Hələlik buna ciddi zərurət də yoxdur. Əgər Ukrayna ilə müharibə ən azı atəşkəslə nəticələnsə və ya sülh əldə olunsa, Tramp özünü sülhpərvər siyasətçi kimi təqdim etmək üçün Rusiyaya səfər edə bilər.
Yeni mərhələnin başlanması üçün belə bir səfərin baş tutması o qədər də vacib deyil. Əksinə, bu səfər ABŞ və Ukraynadan daha çox Rusiyanın siyasi üstünlük qazanmasına xidmət edə bilər.
Müharibənin davam etdiyi şəraitdə isə səfərin yalnız müəyyən müsbət nəticələr verəcəyi təqdirdə baş tutması mümkündür. Xüsusilə İran məsələsində Rusiya ilə müəyyən razılıq əldə olunarsa və bunun ilkin əlamətləri müşahidə edilərsə, səfərin reallaşma ehtimalı arta bilər.
Lakin mövcud risklər nəzərə alınarsa, Trampın Rusiyaya mümkün səfəri NATO və Avropa ölkələri tərəfindən birmənalı qarşılanmaya bilər. Bununla belə, ABŞ-nin Rusiya ilə yaxınlaşmaq istəyində İran amili mühüm rol oynayır. Çünki İranın Çinlə yanaşı əsas dayaqlarından biri də Rusiyadır.
Əgər ABŞ və Rusiya İran məsələsində müəyyən razılığa gəlsələr, Vaşinqton və Moskva qarşılıqlı şəkildə tutduqları bəzi sərt mövqelərdən geri çəkilə bilərlər.
ABŞ və Rusiya arasında yeni mərhələnin başlanması üçün yeni strategiyaya ehtiyac var. Əgər belə bir strategiya formalaşmasa, qarşılıqlı səfərlər mühüm məsələlərin həllinə ciddi təsir göstərə bilməz.
Çünki Tramp və Vladimir Putin arasında bir müddət əvvəl keçirilən görüşlər də ciddi nəticələrlə yadda qalmayıb. Eyni zamanda, Trampın əvvəlki prezidentlik dövründə Kim Jong Un ilə görüşü baş tutsa da, konkret nəticələr əldə olunmayıb”.
Nuray Əliyeva