ABŞ Venesuela əməliyyatını İranda təkrarlayacaq?
ABŞ-nin Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar, siyasi təzyiq mexanizmləri və rejim dəyişikliklərinə yönəlik cəhdlər beynəlxalq münasibətlərdə geniş müzakirə olunur. Bu kontekstdə oxşar yanaşmanın İran üzərində də tətbiq edilə biləcəyi sualı aktuallaşıb.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, İranda Venesuelaya bənzər ssenarinin həyata keçirilməsi mümkün görünmür, çünki ölkənin daxili dayanıqlığı və regional balans buna imkan vermir:
“ABŞ-nin Venezuelada etdiklərini İranda təkrarlaması qeyri-mümkün görünür. Ona görə yox ki, burada İran Venesueladan güclü dövlətdir və yaxud da ki, onun hərbi-siyasi imkanları daha genişdir. Həm də ona görə ki, İran coğrafi cəhətdən ABŞ-lə uzaq məsafədə yerləşir və İranın ətrafında olan dövlətlər ,coğrafi baxımdan ona yaxın olan Türkiyə, Rusiya, Çin kimi ölkələr kəşfiyyat məlumatları ilə və yaxud da ki, özlərinin də sahib olduqları hərbi-strateji üstünlüklərlə imkan verməzlər ki, ABŞ eyni ssenarini İranda təkrarlasın. Çünki İranın Suriyanın və ya İraqın gününə düşməsi bu ölkələrin başda Türkiyənin, Rusiyanın, Çinin maraqlarına ziddir.
Təbii, bu ölkələr də istəyər ki, İranda rejim dəyişsin və öz adamlarını iqtidara gətirsinlər. Ancaq bu, o demək deyil ki, onlar rejim dəyişikliyini Amerikanın koordinasiyasında istəyəcəklər. Ona görə də, onlar hər halda buna qarşı çıxacaq və ABŞ-nin İranı Venesuela ssenarisi ilə zəiflətməsinə imkan verməyəcəklər. Bundan başqa, İranın özünün imkanları da bu ssenarinin təkrarlanmasına imkan vermir. Venesuelanın hərbi cəhətdən silahı var idi, amma dövlətçilik təcrübəsi və rejim ətrafında peşəkar təşkilatlanma zəif idi. İran isə fərqli bir ölkədir, minilliklərə dayanan dövlətçilik təcrübəsi var. İranda dövlətçilik təkcə molla rejimindən ibarət deyil. Burada istər Səfa, istər təhlükəsizlik qurumları, istərsə də digər strukturlar kifayət qədər təcrübəlidir və güclüdür. Ola bilsin ki, hansısa liderin sui-qəsdlə aradan götürülməsi baş versin, ancaq bu ölkədə rejimin tamamilə devrilməsi və ya sarsılması asan deyil. Beynəlxalq faktorlar da İran məsələsində daha təsiredici ola bilər. Venesuelada beynəlxalq güclər təsiredici rol oynaya bilmədilər, çünki Latın Amerikası ABŞ-nin nəzarətində olan bir regiondur və burada ABŞ-nin "mən hegemonam" yanaşması işləyir. Rusiya və Çin həmin coğrafiyada nə qədər maraqlı olsalar da, müdaxilə imkanları çox məhduddur. Amma İran məsələsində vəziyyət tam fərqlidir. Coğrafi olaraq İran Çin və Rusiyaya daha yaxındır. ABŞ burada nəsə etməyi planlaşdırsa, Rusiya, Çin, hətta Türkiyə faktorunu nəzərə almağa məcburdur. Amma əgər ABŞ, xüsusilə də Tramp administrasiyası, qəti qərar versə ki, rejimi dəyişmək lazımdır, bu zaman həmin ölkələr ABŞ-i dayandıra bilməz. Onlar sadəcə kəşfiyyat, hərbi-texniki dəstək göstərməklə İran rejiminin müqavimətini gücləndirməyə çalışarlar. İran ətrafında gərginlik böyüsə və bu hərbi qarşıdurmaya çevrilsə, bu həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan regionda ciddi dəyişikliklərə səbəb ola bilər. İran nə Suriya, nə də İraqdır. İran bölgənin Türkiyədən sonra ikinci ən güclü hərbi-siyasi qüvvəsidir. Ona görə də burada baş verəcək istənilən eskalasiya bütün regiona təsir edəcək”.
Arzu Poladova
