00:00:00
Yazar
Admin User
09.02.2026 14:36 151 4 dəq oxuma
Siyasət

"ABŞ vitse-prezidenti bu axşam İrəvanda Paşinyanla görüşəcək"

"ABŞ vitse-prezidenti bu axşam İrəvanda Paşinyanla görüşəcək"

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu axşam İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşəcək.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında  bildirib ki, Ceyms Devid Vens Ermənistanın sülh ritorikasının səmimiliyinə aydınlıq gətirməyə çalışacaq:

 

"ABŞ-nin vitse-prezidentinin regiona səfəri əlamətdar hadisədir. Çünki ABŞ-nin vitse-prezidentinin həm Azərbaycana, həm də Ermənistana son səfəri 2008-ci ildə həyata keçirilib. Həmin dövrdə ABŞ-nin vitse-prezidenti olan Dik Çeyni turnir çərçivəsində Avropa və Cənubi Qafqaz ölkələrində səfərdə olub. Son olaraq 2017-ci ildə ABŞ-nin vitse-prezidenti Mayk Pens qısamüddətli səfərlə Gürcüstanda olub. Bu istisna xaric, vitse-prezident səviyyəsində regiona başqa səfər baş tutmayıb. Yalnız 2012-ci ildə ABŞ-nin siyasi elitasına daxil olan yüksək rütbəli məmur - dövlət katibi Hillari Klinton regiona səfər edib və Cənubi Qafqazın hər üç ölkəsində yüksək səviyyəli görüşlər keçirib. Bu faktları xatırlatmaqda məqsəd ondan ibarətdir ki, Ceyms Devid Vensin regiona səfəri böyük əhəmiyyət daşıyır. Bu, ABŞ-nin Cənubi Qafqaz regionuna xüsusi önəm verdiyini və Donald Tramp administrasiyasının bölgəyə məqsədli şəkildə diqqət ayırdığını göstərir. Eyni zamanda, Tramp öz siyasi imicinin formalaşmasında da regiondakı proseslərdən maksimum faydalanmağa çalışır. 2025-ci il avqustun 8-də məhz Trampın iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni gözdən keçirilib. Məsələni məntiqi sonluğuna çatdırmaq üçün Tramp administrasiyası vitse-prezident J.D. Vensin regiona səfərini zəruri hesab edir".

 

Müsahib bildirib ki, Cənubi Qafqaz regionu təkcə ABŞ üçün deyil, ümumilikdə müasir beynəlxalq siyasi proseslərdə öz yerini və rolunu təsdiqləmiş bütün dövlətlər üçün strateji maraq kəsb edir:

 

"Regiondan mühüm nəqliyyat-logistika və enerji xətləri keçir ki, bu da geniş coğrafiyada nəqliyyat və enerji xəritəsinin formalaşmasına ciddi təsir göstərir. ABŞ də məhz bu əhəmiyyətli regionda öz təsir imkanlarını artırmaqda maraqlıdır. Bu baxımdan Tramp administrasiyasının Cənubi Qafqaza xüsusi münasibət sərgiləməsi təsadüfi deyil. Son dövrlərdə ABŞ - Ermənistan münasibətlərində ciddi dinamizm müşahidə olunur. Bu proses həm Co Bayden administrasiyası dövründə, həm də hazırda Donald Tramp administrasiyası dövründə davam edib. Bayden administrasiyası dövründə ABŞ ilə Ermənistan arasında əməkdaşlıq region üçün daha təhlükəli xarakter daşıyıb. Xüsusilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi diqqət çəkib. 2024-cü ilin aprelində ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa İttifaqı Şurasının prezidenti Ursula von der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə keçirilən görüşdə də regional təhlükəsizliyə təhdid yaradan vədlər səsləndirilib. Lakin Tramp administrasiyasının yanaşması fərqlidir və daha çox iqtisadi və ticari maraqlara əsaslanır. ABŞ ilə Ermənistan arasında təmasların xronologiyasına nəzər salınsa, nüvə enerjisi sahəsində əməkdaşlıq planlarının ön plana çıxdığını görmək olar. Xatırlatmaq lazımdır ki, 2025-ci ilin sentyabrında ABŞ ilə Ermənistan arasında nüvə atom enerjisi üzrə danışıqlar aparılıb və müəyyən razılaşmalar əldə olunub. Eyni zamanda ABŞ Ermənistanla “Tramp marşrutu”nun reallaşdırılması istiqamətində də sıx əməkdaşlıq edir. 2026-cı ilin yanvarında ABŞ və Ermənistan arasında Trip Development şirkəti yaradılıb ki, bu da birbaşa həmin marşrutun həyata keçirilməsinə xidmət edir".

 

Eyni zamanda qeyd edib ki, J.D. Vens Ermənistanda digər məsələlərlə yanaşı, həm sülh prosesini, həm də Tramp marşrutunun reallaşdırılması istiqamətində görüləcək işləri müzakirə edəcək:

 

 

"Görüşdə enerji sahəsi, nəqliyyat-logistika məsələləri, eləcə də ABŞ-Ermənistan arasında strateji tərəfdaşlıq münasibətləri əsas müzakirə mövzuları olacaq. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, eyni zamanda Ermənistanın sülh ritorikasının səmimiliyinə də aydınlıq gətirməyə çalışacaq. Çünki dəfələrlə müşahidə olunub ki, Ermənistan sülh çağırışları etsə də, real davranışlarda fərqli mənzərə ortaya çıxır. Azərbaycanın əsas şərtlərindən biri ondan ibarətdir ki, Ermənistan konstitusiyasında dəyişikliklər etməli, əsas istinad sənədlərində Azərbaycana qarşı mövcud ərazi iddiaları tam şəkildə aradan qaldırılmalıdır. Hesab olunur ki, Ceyms Devid Vens sülhün əldə olunması perspektivindən çıxış edərək bu istiqamətdə müzakirələr aparacaq. Çünki konstitusiya dəyişikliyi referendumun keçirilməsini tələb edir və referendumun uğurlu nəticələnməsi üçün elektoratla məqsədyönlü işin aparılması vacibdir. Bu məsələlərin də iki ölkə arasında danışıqlar mövzusu olacağı gözlənilir. Donald Tramp dəfələrlə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması yaxındır. Bunun üçün isə Azərbaycanın haqlı şərtlərinin yerinə yetirilməsi əsas şərt kimi qalır. Eyni zamanda, Ceyms Devid Vens vasitəsilə ABŞ-nin Ermənistandakı səfirliyi ilə məsləhətləşmələrin aparılması, habelə Nikol Paşinyana hərtərəfli dəstək məsələlərinin nəzərdən keçirilməsi istisna olunmur. ABŞ-nin Ermənistanda fəaliyyət göstərən diplomatik korpusu ilə də müəyyən təmasların və məsləhətləşmələrin həyata keçirilməsi mümkündür".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər