ABŞ vitse-prezidenti Devid Vensin səfərinə hazırlıq üçün nümayəndə heyəti Ermənistana gedib
ABŞ vitse-prezidenti Devid Vensin səfərinə hazırlıq məqsədilə Amerika nümayəndə heyəti Ermənistana gedib.
Bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb. Məlumata görə, amerikalı nümayəndə heyəti İrəvanda yerləşən “Armenia Marriott” hotelinin bir mərtəbəsini tutub və burada təxminən iki həftə qalmağı planlaşdırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Amerika vitse-prezidentinin bölgəyə səfəri öncədən planlaşdırılan səfərdir:
"Bu, ötən il avqustun 8-də Vaşinqtonda imzalanan Azərbaycan, Ermənistan və ABŞ sənədinin icrasından doğan vacib bir səfərdir. Çünki bu səfər, birinci növbədə, Zəngəzur dəhlizinin açılması yönümündə işlərə real olaraq start vermək məqsədi daşıyır. Artıq Amerikanın nümayəndə heyəti İrəvandadır. Devid Vensin gəlişinə qədər Amerikanın məlum şirkəti Amerika-Ermənistan birgə müəssisəsi çərçivəsində Zəngəzur dəhlizində işlərə başlamaq fikrindədir.
Əlbəttə, Amerikanın bu aktivləşməsi ümumən bölgədə öz təsirini gücləndirmək niyyəti ilə bağlıdır. Amerika yaranan fürsətdən maksimum dərəcədə faydalanmağa çalışır. Onun hazırkı səylərinin əsas hədəfi Azərbaycanla Ermənistan arasında münaqişə vəziyyətini tamamilə aradan qaldırmaqdır.
Əlbəttə, bizim də istəyimiz odur ki, Amerika bu hədəfinə nail olsun. Amerika ona görə bölgədə sülhə bu qədər prioritet yanaşır ki, bölgədə münaqişə vəziyyəti qaldıqca, Amerikanın bu bölgəyə təkbaşına müdaxilə imkanları zəifləyir. Başqa sözlə desək, bölgədə münaqişə vəziyyəti qaldıqca Rusiyanın təsir imkanları və hərəkətləri genişlənir. Ona görə də Amerika Qafqazda çox dəqiq nöqtədən vurur. Bu da ondan ibarətdir ki, bölgəni Rusiyanın təsirindən çıxarmaq və bölgədə güc balansını dəyişməyin çox vacib bir şərti buradakı münaqişə vəziyyətini aradan qaldırmaqdır.
Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması bölgədə geosiyasi balansı dəyişmək yolunda çox əhəmiyyətli və koordinativ təsirə malik bir hadisə olacaq. Əgər Amerika bu bölgədə seçdiyi siyasəti sona qədər davam etdirə bilsə, nəticələr çox böyük olacaq. Aydın məsələdir ki, Tramp marşrutu Amerikanın bu bölgədə iqtisadi, siyasi və geosiyasi baxımdan möhkəmlənməsinin əsas mexanizmidir. Çünki bu layihə təkcə nəqliyyat və yaxud iqtisadi layihə deyil. Bu layihə üzrə artıq imzalanan sənədlə Amerikanın təhlükəsizlik təminatı ilə bağlı öhdəliyi var. Bu da onu deməyə əsas verir ki, Amerika Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra onun üzərində böyük söz sahibi olacaq, eyni zamanda ciddi məsuliyyət daşıyacaq.
Bu mənada Zəngəzur dəhlizinin işə düşməsi bölgənin həm nəqliyyat, logistika xəritəsinin mənzərəsini dəyişmək gücündədir. Eyni zamanda, bu bölgədə geosiyasi balansı xeyli dəyişmək imkanına malikdir. Əsas hədəflərdən biri Tramp marşrutunda Rusiyanın iştirakının qarşısını almaqdır. Artıq Ermənistanın özü də bu dəhlizdə Rusiyanın iştirakını məhdudlaşdırmaq prinsipini açıq şəkildə ortaya qoyub. Dövlət rəhbərləri səviyyəsində Rusiyanın bu layihədə nə təsisçi, nə də iştirakçı kimi yer almasının mümkün olmadığı açıq bəyan olunub.
Əslində bu, belə də olmalıdır. Çünki Zəngəzurdan keçəcək dəmir yolu Ermənistan müstəqillik əldə etdikdən sonra Ermənistan Dəmir Yollarının tərkibinə və bu məntiqlə Rusiyanın Dəmir Yolları Nazirliyinin konsessiyasına verilməyib. Ermənistanın Zəngəzurdan keçən dəhliz üzərində Rusiyadan asılı olmayan təsir hüququ var. Ona görə də Ermənistanın Zəngəzur dəhlizində Rusiyanın iştirakının qarşısını almaq cəhdləri tamamilə məntiqlidir. Bu işdə Amerikanın Azərbaycana və Ermənistana dəstəyi Zəngəzur dəhlizinin uğurla fəaliyyətə başlamasında böyük rol oynayır".
Aişə Mustafayeva
