ABŞ Vitse-Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin cənubi Qafqaza səfəri
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti 2026-cı il Qış Olimpiya Oyunlarının İtaliyada keçiriləcək açılış mərasimindən sonra Azərbaycana və Ermənistana səfər edəcək. Bu səfər regionda geosiyasi proseslərin intensivləşdiyi, sülh danışıqları və regional əməkdaşlıq məsələlərinin gündəmdə olduğu bir dövrə təsadüf edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, ABŞ vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Qafqaza səfəri, xüsusilə də ölkənin vitse-prezidenti Ceyms Devid Vensin rəhbərlik etdiyi bu heyətin Azərbaycana təşrif buyurması, şübhəsiz ki, çox vacib, əlamətdar hadisə kimi dəyərləndirilə bilər:
“Çünki kifayət qədər yüksək səviyyəli bir nümayəndə heyətinin ölkəyə təşrif buyurmasından danışırıq. Bu səfərin tək Azərbaycana yox, həm də Ermənistana təşkil olunması onu göstərir ki, bu məsələlər regionda geosiyasi proseslərin intensivləşdirilməsi iki ölkə arasında sülh danışıqlarının və regional əməkdaşlıq məsələlərinin uğurlu şəkildə həllinə və irəli aparılmasına xidmət edə biləcək. Səfər öncəsi verilən anonslardan da bəlli olur ki, sülh müqaviləsi ətrafında mövcud məsələlərin müzakirə olunması, eyni zamanda ABŞ-nin bilavasitə iştirakı ilə çəkiləcək "TRİP" marşrutu ilə bağlı hazırlıq, işlərin yerinə yetirilməsi və digər məsələlər bütövlükdə anonsda yer alan məqamlardır. Daha iki ölkə arasında siyasi, iqtisadi və digər zəminlərdə münasibətlərin qurulmasına xidmət eləyən yanaşmanı özündə ehtiva edir. ABŞ-nin bu məsələ ilə bağlı müəyyən etdiyi strateji kurs bütövlükdə iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına hədəflənib. Bunun üçün də mümkün olan münasibətlərin xüsusilə də, iqtisadi zəmində olan bir çox layihələrin uğurlu şəkildə həyata keçirilməsinin təmin olunması üçün məsləhətləşmələrin aparılmasını özündə ehtiva edir. Bu səfərin keçirilməsini mən çox yüksək dəyərləndirirəm və əminəm ki, faktiki olaraq iki ölkə arasında sülh münasibətlərin qurulması istiqamətində əldə olunan nəticələr imkan verir ki, həmin sahədə olan nailiyyətləri dərinləşdirsin”.
Müsahibimiz iki ölkə arasında iqtisadi münasibətlərin müxtəlif seqmentlər üzrə geniş şəkildə qurulması üçün əlverişli bir şərait yaradılmasından danışıb:
“Düşünürəm ki, bu görüşün də əsas strateji hədəfləri, iki ölkə arasında olan münasibətlər üzərində qurula biləcək yeni bir sülh arxitekturasının bərqərar edilməsi ilə bağlı olsa da, daha geniş kontekstdə Cənubi Qafqaz bölgəsinin Avrasiya qitəsində gedən bir çox inteqrasiya layihələrinin əsas elementi kimi də dəyərləndirilir. Bu da nəticə etibarilə ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı olan xarici siyasət kursunun hamıya fayda gətirə biləcək bir tərzdə qurulması istiqamətində səylərin nümayişi kimi də dəyərləndirilə bilər. Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsindən sonra irəli sürdüyü sülh prinsipləri məhz bu strateji kursun hədəflərinə cavab verir və nəticə etibarilə bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, Azərbaycan faktiki olaraq, bu gün Cənubi Qafqaz bölgəsinin bütövlükdə sabitlik adasına çevrilməsi naminə həyata keçirdiyi siyasət və eyni zamanda Cənubi Qafqaz bölgəsində qarşılıqlı fayda verə biləcək bir mühitin formalaşmasına hesablanıb”.
Banuçiçək Məmmədova
