00:00:00
Yazar
Səadət Əlizadə
07.10.2026 19:53 61 3 dəq oxuma
Siyasət

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələri ciddi dağıntılara səbəb olub. Nəticədə ABŞ-nin regiondakı hərbi fəaliyyətinin əvvəlki səviyyəyə qaytarılması çətinləşib. Münaqişə zamanı 4 F-15 qırıcısı, 12 KC-135 yanacaqdoldurma təyyarəsi və 30 MQ-9 “Reaper” pilotsuz aparatı zədələnib və ya məhv edilib.



Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, doğrudan da İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə endirdiyi zərbələr Vaşinqtonun regiondakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı ciddi suallar yaradıb:

 

“Məsələnin əhəmiyyəti ayrı-ayrı hərbi texnikanın itirilməsindən daha böyükdür. Əsas məsələ ABŞ-nin uzun illər ərzində qurduğu və İranın coğrafi yaxınlığı səbəbindən getdikcə daha həssas görünən baza şəbəkəsinin əvvəlki formada saxlanılıb-saxlanılmayacağıdır. ABŞ-nin Körfəz regionunda yerləşən obyektlərinin İran raketləri üçün əlçatan məsafədə olması artıq strateji problem kimi qiymətləndirilir.
ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaması baş verərsə bu ilk növbədə İranın özünü daha böyük regional çəkindirmə imkanına malik aktor kimi görməsinə yol aça bilər. ABŞ qüvvələrinin Körfəzdə azalması Tehran üçün həm hərbi, həm də siyasi manevr imkanlarını genişləndirə bilər”.



Müsahib qeyd edib ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və digər tərəfdaşlar öz təhlükəsizliklərinin ABŞ-dən asılılığını yenidən nəzərdən keçirməyə başlaya bilərlər:

 

"Bu, həmin ölkələri daha çox milli silahlanmaya, Türkiyə və Pakistan kimi regional aktorlarla əməkdaşlığa və ya digər böyük güclərlə münasibətləri balanslaşdırmağa sövq edə bilər”.

 

Politoloqun sözlərinə görə,Vaşinqtonun Yaxın Şərq siyasətində mümkün dəyişiklikliyə gəldikdə isə ABŞ-nin qarşısında iki əsas yanaşma dayanır:

 

“Birincisi, bazaları yenidən əvvəlki səviyyədə bərpa etmək və ya iknci yol  qüvvələrin bir hissəsini daha uzaq, daha təhlükəsiz mövqelərə keçirmək. Son aylarda ABŞ-də məhz bu məsələnin müzakirə edildiyi barədə məlumatlar yayılıb. Variantlardan biri Körfəzdəki həssas obyektlərin sayını azaltmaq, qüvvələrin bir hissəsini İordaniya, İsrail və ya Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilləri kimi daha az riskli istiqamətlərə yerləşdirməkdir.
Bu, ABŞ-nin regiondan tam çıxması demək deyil. Əksinə, Vaşinqton daha çox “az baza, daha yüksək texnoloji imkan, uzaqmənzilli zərbə və dəniz qüvvələri” modelinə keçə bilər. Belə yanaşma ABŞ-ə İran üzərində hərbi təzyiq imkanını saxlamağa, eyni zamanda şəxsi heyətin və bahalı aviasiyanın İranın birbaşa zərbə radiusunda yerləşdirilməsini azaltmağa imkan verər.
Ən mühüm məsələ isə belə addımın qarşıdurmaya, yoxsa diplomatiyaya gətirib çıxaracağıdır. Burada hər iki istiqamət mümkündür. ABŞ-nin regiondakı fiziki mövcudluğunun azalması İranı daha cəsarətli davranmağa sövq edərsə, yeni raket hücumları, dəniz qarşıdurmaları və proksi qüvvələrin fəallaşması mümkündür. Nəticədə təhlükəsizlik dilemması daha da dərinləşə bilər”.


Nəticə olaraq bildirib ki, hər iki tərəf uzunmüddətli müharibənin yüksək maliyyətini gördükdə diplomatik kanallara üstünlük verə bilər:


“2026-cı il münaqişəsi artıq göstərib ki, hərbi üstünlük belə qarşı tərəfin asimmetrik cavab imkanlarını tam aradan qaldırmır. Odur ki, ABŞ-nin Yaxın Şərqdə əvvəlki hərbi mövcudluğunu bərpa etməməsi avtomatik olaraq Amerikanın regionu tərk etməsi demək deyil. Daha çox ABŞ-nin hərbi iştirakının formasının dəyişməsi ehtimalından danışmaq olar. İranın zərbələri Vaşinqtonu daha çevik, uzaq məsafədən fəaliyyət göstərən və hücumlara qarşı daha az həssas olan baza modelinə sövq edə bilər”.

 

Aysu Abbasova

#şərqdə #hərbi #baki #bilər #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər