ABŞ Yaxın Şərqdə hərbi strategiyasını dəyişir: qarşıdurma ABŞ-İran müstəvisinə keçir
ABŞ-nin Yaxın Şərqə əlavə qüvvələr göndərməsi regionda gərginliyi artırıb. İranla qarşıdurma fonunda Vaşinqtonun hərbi strategiyası və bölgədəki növbəti addımları diqqət mərkəzindədir.
Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, iraqdan qoşunlarını çıxaran ABŞ Yaxın Şərqdə quru qüvvələrindən daha çox hava və dəniz imkanlarına üstünlük verərək hərbi və siyasi nəzarətini qorumağa çalışır:
“İraqdan ABŞ qoşunlarının çıxarılması ABŞ-nin Yaxın Şərqdəki hərbi strategiyasında dəyişiklik olduğunu göstərir. ABŞ uzun müddət regionda əsas problemlərdən biri kimi quru qoşunlarının və hərbi bazalarının təhlükə altında olması ilə üzləşirdi. Hazırda isə Vaşinqton daha çox dəniz və hava məkanındakı hərbi imkanlara üstünlük verir və bununla Yaxın Şərqdə nəzarəti öz əlində saxlamağa çalışır.
Bu yanaşma ABŞ üçün hərbi itkilərin azalmasına və qoşunların yerləşdirildiyi bazaların saxlanılmasına çəkilən xərclərin aşağı düşməsinə imkan yarada bilər. Dəniz və hava qüvvələrinin müxtəlif ölkələrdə yerləşdirilməsi də ABŞ-nin regiondakı hərbi mövcudluğunu daha az maliyyə ilə davam etdirməsinə şərait yaradır. Bu baxımdan ABŞ siyasi və hərbi nəzarət sistemini də gücləndirir”.
Politoloq qeyd edib ki, ABŞ-nin İsrailə dəstəyi və İranla qarşıdurmada ön plana çıxması İsraili nisbətən geri plana keçirərkən, regionda yaranan gərginlik Körfəz ölkələrinin iqtisadi vəziyyətini də çətinləşdirir:
“İsrail-İran qarşıdurmasında isə ABŞ-nin İsrailə verdiyi dəstək ön plana çıxır. İran-İsrail qarşıdurmasında ABŞ-nin həm Körfəz regionunda, həm də hava məkanında nəzarət imkanlarından İrana qarşı istifadə edilməsi İsrailin müharibə ilə bağlı çıxışlarının azalmasına səbəb olub. İsrail müəyyən mənada geri planda qalaraq addımları ABŞ-yə həvalə edib və hazırda prosesdə ABŞ daha çox ön plana çıxır.Regionda baş verən hadisələr İranla yanaşı, Körfəz ölkələrini də çətin vəziyyətə salıb. Xüsusilə, Körfəzin açılmaması iqtisadi problemləri artırır və region ölkələrində ciddi geriləmələrə səbəb olur”.
Politoloq həmçinin bildirib ki, ABŞ-İran qarşıdurmasının davam etməsi və tərəflərin danışıqlar masasına gələ bilməməsi gərginliyi artırır, İsrailin geri planda qalması ilə qarşıdurma daha çox ABŞ-İran müstəvisinə keçir:
“ABŞ-İran qarşıdurması isə hələ də davam edir. İranın irəli sürdüyü təkliflərin ABŞ tərəfindən qəbul edilməməsi və tərəflərin danışıqlar masasına gələ bilməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. ABŞ-nin noyabrın 5-dək İran məsələsini, Qırmızı dənizdəki problemi və İran-İsrail müharibəsini həll etməyə çalışdığı görünür. Lakin bunun nəticəsi əsasən danışıqların baş tutub-tutmamasından asılıdır.
Hazırda İsrail daha çox arxa planda qalır, ABŞ isə ön plana çıxır. Bu baxımdan qarşıdurma tədricən ABŞ-İran müharibəsinə çevrilir və bu proses regiondakı gərginliyi daha da artırır. Digər tərəfdən, husilərin müqavimətinin qarşısını almaq mümkün olmur. İranın da ABŞ-lə danışıqlar masasına gələ bilməməsi problemin həllini çətinləşdirir.Türkiyə və Pakistan ABŞ və İranı danışıqlar masasına gətirməyə çalışsa da, qarşıdurmanın genişlənməsi regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir.Bu prosesdə Türkiyə və Pakistan kimi üçüncü ölkələr də münaqişənin sakitləşdirilməsinə çalışır. Məqsəd əsasən ABŞ və İranı danışıqlar masasına gətirməkdir. Lakin hazırda bunun reallaşdırılması çətin görünür. Regionda vəziyyət hər gün dəyişdiyi üçün prosesin necə inkişaf edəcəyini dəqiq söyləmək çətindir. Hazırda ABŞ-İran qarşıdurmasının əhatə dairəsi getdikcə genişlənir və bu, regiondakı bütün ölkələr üçün mənfi nəticələr yaradır”.
Aydan Əsgərxanlı