ABŞ Yaxın Şərqdə 450-dən çox “Tomahavk” raketini yerləşdirib
ABŞ Yaxın Şərqdə 450-dən çox “Tomahavk” qanadlı raketi yerləşdirib. “NBS Nyus” telekanalı amerikalı məmura istinadla bildirir ki, raketlər hərbi gəmilərə yerləşdirilib və Prezident Donald Tramp Tehrana qarşı hərbi əməliyyatı təsdiqləsə, onlar istifadə ediləcək. Bu xəbər regional təhlükəsizlik və diplomatik gərginlik baxımından böyük əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Abbasov bildirib ki, diplomatik yollar hərbi əməliyyatı əvəz edə bilər:
“Lakin burada ilk növbədə Yaxın Şərqdə “Tomoqavk” raketlərinin yerləşdirilməsindən söhbət gedir. Bu addım əsasən Amerikanın müttəfiqlərini qorumağa yönəlib. Burada ilk növbədə Türkiyə və eyni zamanda Səudiyyə Ərəbistan nəzərdə tutulur. Bu, İrana qarşı atılan növbəti xəbərdarlıq addımıdır. Yəni əgər belə bir açıqlama verilibsə, bu, İrana ünvanlanan növbəti mesajdır: hazırlaşın, bu və ya digər formada həmin “Tomoqavk” raketləri sizə qarşı istifadə oluna bilər. Əlbəttə ki, diplomatik yollar hərbi əməliyyatları əvəz edə bilər, amma hər şeyin öz zamanı var. Müəyyən mərhələyə qədər diplomatik addımlar atılacaq. Lakin biz yaxşı bilirik ki, Tramp administrasiyası güc nümayiş etdirməyin tərəfdarıdır və nə beynəlxalq hüququ, nə də hər hansı qanunu gücdən üstün tutmur. Əgər İran Amerikanın tələblərini yerinə yetirməzsə, bu halda həm İran körfəzində, həm Türkiyədəki NATO bazalarında, həm də sözügedən “Tomoqavk” raketlərinin bu və ya digər formada İrana qarşı istifadə olunması gündəmə gələ bilər. Xatırlayırıq ki, Tramp daha əvvəl İrandakı münaqişə dövründə, əgər can itkiləri, mülki insan ölümləri baş verərsə, İrana müdaxilə edəcəyini bəyan etmişdi. Həmin açıqlamadan bir neçə gün sonra yüzlərlə, hətta minlərlə insanın ölümü qeydə alındı. Bu isə Trampa qarşı atılan bir çağırış kimi qiymətləndirilib. Yəni, “sən nə deyirsənsə de, biz öz ölkəmizdə bildiyimizi edəcəyik” məntiqi ilə Trampa qarşı bir addım atıldı. Tramp da bunun cavabında hələlik İrana qarşı güc nümayişi, daha doğrusu, güc göstəricisi ilə çıxış edir: yəni “baxın, mənim hansı imkanlarım var, ‘Tomoqavk’larım var, bu var, o var”. Amma günlərin birində bütün bunların İrana qarşı aparılacaq mümkün hərbi əməliyyata hazırlıq mərhələsi olduğunu aydın şəkildə görəcəyik”.
Banuçiçək Məmmədova
