“ABŞ Zəngəzur dəhlizi məsələsinin qısa zamanda həllində maraqlıdır” - ŞƏRH
ABŞ və Ermənistan TRIPP layihəsi çərçivəsində logistik və texniki icra məsələləri üzrə bir sıra razılaşmalar əldə edib. Tərəflər layihənin həyata keçirilməsi üçün koordinasiyanın gücləndirilməsini və əməliyyat mexanizmlərinin daha effektiv formada qurulmasını müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, İranla bağlı son regional proseslər fonunda Vaşinqton Zəngəzur dəhlizi və TRIPP layihəsinin sürətlə həyata keçirilməsində maraqlı görünür:
“İranla başlayan gərginlik fonunda ABŞ regionda yeni nəqliyyat və logistika xətlərinin formalaşdırılmasını sürətləndirməyə çalışır. Vaşinqton hesab edir ki, Zəngəzur dəhlizi və TRIPP layihəsi Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi xəritəsinin əsas elementlərindən birinə çevrilə bilər. İran isə uzun müddətdir bu layihələrin əleyhinə çıxış edir və onların reallaşmamasına çalışır. Buna görə də ABŞ prosesin daha sürətli şəkildə nəticələnməsində maraqlıdır.Razılaşdırılan “əməliyyat məsələləri” əsasən infrastruktur, logistika və təhlükəsizlik mexanizmlərini əhatə edir.Burada əsas məsələ layihənin praktik icrası üçün lazım olan texniki və təhlükəsizlik problemlərinin aradan qaldırılmasıdır. Nəqliyyat xətlərinin işlək vəziyyətə gətirilməsi, kommunikasiya imkanlarının genişləndirilməsi və layihənin təhlükəsizlik təminatı əsas müzakirə mövzuları sırasında yer alır. Tərəflər eyni zamanda üzərlərinə düşən öhdəliklərin icrası ilə bağlı müəyyən razılaşmalar əldə ediblər. ABŞ bu layihənin yalnız iqtisadi deyil, həm də strateji baxımdan region üçün vacib olduğunu düşünür”.
Cavanşir Abbaslı vurğulayıb ki, layihə regiondakı geosiyasi balansın dəyişməsinə də təsir göstərə bilər:
“Bu razılaşmanın əsas fərqli tərəfi ondadır ki, burada prosesə birbaşa ABŞ daxil olur. Bu isə regionda yeni siyasi balans formalaşdıra bilər. Layihənin işə düşməsi Vaşinqtonun Cənubi Qafqazdakı rolunu artıracaq və ABŞ-nin bölgədəki təsir imkanlarını genişləndirəcək. Bu da təbii olaraq həm regional dövlətlərin münasibətlərinə, həm də gələcək geosiyasi proseslərə təsirsiz ötüşməyəcək”.
Ayşə Müzəfərli