"Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır" - ŞƏRH
Acarıstan hökumətinin rəhbəri Zurab Pataradze Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinin Acarıstan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr kifayət qədər dərin köklərə bağlıdır:
“Burada Acarıstan əhalisinin də əsasən müsəlman gürcülərdən ibarət olması və qardaş Türkiyə ilə mədəni yaxınlığın mövcud olması, həm də Qafqaz xalqı olan acarlarla, gürcü müsəlmanlarla Azərbaycan müsəlmanları arasında tarixi bağların dərinliyinə dəlalət edir”.
Politoloqun sözlərinə görə, bu gün muxtar səlahiyyətlərə malik olan Acarıstan həm də liman, turizm bölgəsidir. Son illər Azərbaycandan Gürcüstana artan turist səfərləri, o cümlədən, Azərbaycanın strateji neft məhsullarının və logistik şəbəkəsinin, nəqliyyat qovşağının bir istiqamətində Azərbaycandan Acarıstan üzərindən Türkiyə vasitəsilə Avropaya uzanması Azərbaycanla Acarıstan arasında həm də iqtisadi-ticari əlaqələrin dərinləşməsinə təkan verir:
“Hesab etmirəm ki, bu əməkdaşlıq Tiflis hakimiyyətinə qarşı, Mərkəzi Gürcüstan hökumətinə qarşı yönəlmiş əməkdaşlıqdır. Əksinə, Azərbaycan-Gürcüstan münasibətlərinin də daha dərinləşməsi, inteqrasiya olunmasına təkan verən bir əməkdaşlıqdır və bu əməkdaşlığın gələcəkdə genişlənməsi yeni situasiya yaratmayacaqdır. Azərbaycan-Gürcüstan münasibətlərinin daha da üst səviyyəyə yüksəlməsinə öz töhfəsini verəcəkdir”.
Selcan Xudiyeva