Açıq satılan turşular təhlükəsizdirmi?
Bazarlar və marketlərdə turşuların əksəriyyətinin açıq şəkildə satılması həm gigiyenik təhlükəsizlik, həm də istehlakçı hüquqları baxımından narahatlıq doğurur. Mütəxəssislər bu cür satışın sağlamlıq üçün risklər yaratdığını bildirir və mövcud vəziyyətin araşdırılmasının vacibliyini vurğulayırlar.
Mövzu ilə bağlı “İnformator.az” alıcı-satıcı və ekspertin mövqeyini öyrənib.
Alıcı Nuranə Əhmədova bizimlə fikirlərini bölüşüb:
“Mən açıq satılan turşuları həmişə almışam, bazardan götürürəm. Açıq olmasına çox fikir vermirdim, daha çox dadına baxırdım. Amma indi düşünürəm ki, kimyəvi maddə olmasa belə, açıq satılması düzgün deyil. Toz və çirk ətraf mühitdən təsir edir”.
Digər alıcı Kazım Abbasov isə yaşadığı xoşagəlməz hadisəni paylaşıb:
“Mən adətən evdə yumağa çalışıram, amma hər dəfə buna vaxt olmur. Uşaqlarım turşunu yumadan yeyiblər və bir dəfə uşağımdan biri özünü yaxşı hiss etməmişdi. O vaxt bunun səbəbini turşu ilə əlaqələndirmirdim, amma indi başa düşürəm ki, bu da diqqət yetirilməli bir məsələdir”.
Bazar satıcısı isə öz yanaşmasını belə izah edib:
“Bu turşular ev şəraitində hazırlanır, kimyəvi qatqı vurulmur, ona görə insanlar açıq olmasına baxmayaraq alırlar. Təhlükə məsələsinə gəlincə, evə aparılan hər ərzaq yuyulur. Turşunu da evdə suyla yumaq və üstündən duzlu suyunu tökmək olar. İnsanlar məhsulu görüb seçir, dadına baxırlar. Paketlənmiş məhsulu isə içini görə bilməzsən. Kim istəsə alır, kim istəməsə yox”.
Qida eksperti Asim Vəliyev isə açıq satılan turşuların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib:
"Belə məhsulların çox vaxt açıq vedrələrdə, torbalarda, qapaqsız qabda satıldığını müşahid edirik. Belə olduqda toz, torpaq, əl təması və müxtəlif mikroorqanizmlərlə çirklənmə riski yüksək olur. Eyni qaşıqla bir neçə növ turşuya toxunmaq da mikroorqanizmlərin yayılmasına səbəb ola bilir. Turşunun təhlükəsiz qalması üçün onun turşuluğu, duz miqdarı və sirkə səviyyəsi mütləq düzgün olmalıdır. Əks halda turşu xarab olaraq, zəhərlənmə riski yarada bilər.
Bu məhsullar soyuq şəraitdə saxlanmalıdır. Günəş altında, isti yerdə, qida üçün uyğun olmayan plastik qabda saxlanması təhlükəlidir. Təəssüf ki, açıq turşuların böyük hissəsi bu qaydalara tam əməl olunmadan satılır. Ona görə də belə məhsulların nə qədər müddətdir hazırlandığını, necə saxlandığını və hansı şəraitdə gətirildiyini bilmək çətindir.
Həmçinin turşuların mütəmadi laborator analizdən keçməsi vacibdir. Bu analizlər onların mikroorqanizmlərdən, kif və mayadan təmiz olub-olmadığını, həmçinin turşuluq dərəcəsinin təhlükəsiz səviyyədə qalıb-qalmadığını göstərir. Lakin açıq satılan turşuların çoxunda belə analizlərin olub-olmadığı bilinmir".
Həmçinin ekspert vurğulayıb ki, istehlakçılar üçün ən təhlükəsiz seçim fabrik istehsalı olan, qapalı qablaşdırılmış turşulardır:
"Onlar steril şəraitdə hazırlanır, laboratoriyadan keçir, üzərində istehsal və son istifadə tarixi yazılır. Açıq turşuda isə bu məlumatların heç biri dəqiq olmur. Çirklənmə riski daha yüksəkdir".
Müşahidələr göstərir ki, alıcı və satıcı fərqli baxışa malik olsa da, ekspertlərin tövsiyəsi açıq turşuların diqqətlə yuyulması və qapalı qablaşdırılmış məhsullara üstünlük verilməsidir.
Reyhan Quliyeva
