00:00:00
Yazar
Banuçiçək Məmmədova
12.03.2026 16:18 47 3 dəq oxuma
Sosial Özəl

Açıq yüklər yollarda təhlükə yaradır-yük maşınlarının yaratdığı risklər

Açıq yüklər yollarda təhlükə yaradır-yük maşınlarının yaratdığı risklər

Son illər yollarda hərəkət edən bəzi yük maşınlarının üzərində daşınan yüklərin lazımi qaydada bağlanmaması və ya açıq şəkildə daşınması ciddi təhlükələr yaradır. Tikinti materialları, daş, qum, metal hissələr və digər yüklərin açıq vəziyyətdə daşınması hərəkət zamanı digər nəqliyyat vasitələrinə ziyan vurmaqla yanaşı, yol-nəqliyyat hadisələrinə də səbəb ola bilir. Bu cür hallarda yüklərin yola tökülməsi, arxadan gələn avtomobillərin şüşələrinin zədələnməsi, qəfil manevrlər və sürücülərin həyatına risk kimi problemlər meydana çıxır. 
 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, yollarda hərəkət edən yük avtomobillərində daşınan yüklərin düzgün bağlanmaması və ya açıq şəkildə daşınması yol təhlükəsizliyi baxımından ciddi risk yaradan amillərdən biridir:

 

“Belə hallarda yükün hərəkət zamanı yerindən tərpənməsi, yola tökülməsi və ya digər nəqliyyat vasitələrinə dəyərək ziyan vurması ehtimalı artır. Xüsusilə tikinti materialları  daş, qum, çınqıl, metal parçaları və digər ağır yüklər açıq vəziyyətdə daşındıqda bu, həm maddi ziyana, həm də ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Açıq və ya lazımi qaydada bərkidilməyən yük ilk növbədə yolda hərəkət edən digər nəqliyyat vasitələri üçün təhlükə yaradır. Məsələn, yük maşınından düşən daş və ya metal parçası arxadan gələn avtomobilin ön şüşəsini sındıra, sürücünün idarəetməni itirməsinə səbəb ola bilər. Eyni zamanda qum və çınqıl kimi xırda materialların yola tökülməsi sürüşkənlik yarada və xüsusilə yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələrinin qəfil manevr etməsinə gətirib çıxara bilər. Belə vəziyyətlər zəncirvari qəzaların baş verməsi riskini də artırır. Yükün düzgün bağlanmaması digər bir təhlükəni də yaradır. Hərəkət zamanı yükün kütlə mərkəzi dəyişə bilər və bu da avtomobilin stabilliyinə təsir edir. Nəticədə yük maşını kəskin döngələrdə və ya qəfil əyləcləmə zamanı idarəetməni itirə, hətta aşma riski ilə üzləşə bilər. Bundan başqa, yükün arxa tərəfdən sürüşərək yola düşməsi arxadan gələn nəqliyyat vasitələrinin qəfil əyləc etməsinə və toqquşmaların baş verməsinə səbəb ola bilər. Xüsusilə magistral yollarda bu cür hallar daha ağır nəticələrə gətirib çıxarır. Qanunvericiliyə əsasən, yük daşıyan nəqliyyat vasitələrində daşınan yük elə yerləşdirilməli və bərkidilməlidir ki, o, hərəkət zamanı düşməsin, yola səpilməsin və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasın. Əgər yük açıq şəkildə daşınırsa, onun üzəri örtülməli, xüsusi tor və ya qoruyucu vasitələrlə bağlanmalıdır. Bu tələblərə əməl olunmadıqda sürücülər inzibati məsuliyyətə cəlb oluna bilər. Belə hallarda sürücülərə inzibati cərimə tətbiq olunur, bəzi hallarda isə nəqliyyat vasitəsinin hərəkəti müvəqqəti məhdudlaşdırıla bilər və sürücüdən yükün təhlükəsiz şəkildə bərkidilməsi tələb olunur. Əgər daşınan yükün düzgün yerləşdirilməməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və digər nəqliyyat vasitələrinə və ya insanlara ziyan dəyərsə, bu zaman məsuliyyət daha da ağırlaşa bilər. Ümumilikdə, yükün düzgün bərkidilməsi və örtülməsi yalnız qanun tələbi deyil, həm də yol hərəkəti təhlükəsizliyinin vacib elementidir. Sürücülər və yükdaşıma şirkətləri bu məsələyə məsuliyyətlə yanaşmalı, daşınan yüklərin təhlükəsizliyini təmin etməlidirlər ki, yollarda əlavə risklər yaranmasın və digər hərəkət iştirakçılarının təhlükəsizliyi qorunsun”.

 

Banuçiçək Məmmədova

#risklər #yeni #açıq #yüklər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər