ADB: Azərbaycan su təhlükəsizliyi və iqlim risklərinin idarə olunması üzrə mövqeyini gücləndirib
Azərbaycan su təchizatı, sanitariya, ekoloji təhlükəsizlik və iqlim risklərinin idarə olunması sahələrində göstəricilərini yaxşılaşdırıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib ki, müasir dünyanın əsas ekoloji problemlərinə su ehtiyatlarının tükənməsi, havanın çirklənməsi, torpaqların deqradasiyası, meşələrin qırılması, bioloji müxtəlifliyin azalması, tullantıların düzgün idarə olunmaması və digər amilləri aid edə bilərik:
"Qeyd olunan problemlərin həll üçün dayanıqlı inkişaf konsepiyasının məqsədlərinə uyğun olan fəaliyyət ekoloji siyasət və beynəlxalq əməkdaşlıqla sıx surətdə bağlıdır. Lakin uzunmüddətli ekoloji dayanıqlığı təmin etmək üçün əsas vəzifələrdən biri mövcud ekoloji problemlərin həllinə yönəldilməlıidir. Azərbaycanda su ehtiyatlarından istifadə, keyfiyyətli su təchizatı, havanın çirklənməsinin qarşısının alınması, sənaye müəssisələrinin və avtomobil nəqliyyatı vasitələrindən atılan tullantıların emissiyasının minimuma endirilməsi, səhralaşma probleminin həlli istiqamətində tədbirlərin görülməsi, torpaqların deqradasiyasının qarşısının alınması, meşə ekosisteminin genişləndirilməsi və s. ölkənin uzunmüddətli ekoloji dayanıqlığı baxımından ən vacib məsələlərdən hesab olunur. Məsələn, ekoloji siyasətin həyata keçirilməsi özünü ölkə prezidenti İlham Əliyevin qərar və sərəncamlarında, dövlət proqramlarında,strateji yol xəritəsində göstərir.
Çay mənsəblərində plastik çirklənmə riski birbaşa insan fəaliyyəti nəticəsində baş verir. Bu plastik tullantılar ekosistemə zərər verir, vəhşi təbiətə mənfi təsir edir, mikroplastiklərə parçalanır və qida zəncirinə daxil olur. Bütün bunlar insan sağlamlığı üçün təhlükə yaradır.
Hazırda Azərbaycanın bir sıra çayları plastik tullantılarla çirkləndirilmişdir. Bu da çayların ekosistemlərinə ciddi ziyan vurur. Coğrafiya İnstitutu olaraq, Kür çayı vasitəsilə Xəzər dənizinin plastik tullantılarla çirklənməsi tədqiq olunur. Belə ki, modul alətlər qutusunun köməkliyi ilə Kür çayının deltasında plastik çirklənmənin ilk kompleks qiymətləndirilməsi aparılmışdır. Bu çərçivədən istifadə edərək, plastik tullantıların toplanmasının qaynar nöqtələri müəyyən edilib və yarıqapalı sistemlərdə plastik çirklənmənin qiymətləndirilməsi üçün təkrarlanan bir yanaşma hazırlanıb.
Şəhər drenajı və su idarəçiliyi layihələri yağış sularının effektiv idarə olunması, leysan tipli yağışlar zamanı subasmanın qarşısının alınması, suyun təkrar istifadəsi və su ehtiyatlarından səmərəli istifadənin həyata keçirilməsidir. Bu layihələr müasir texnologiyaların tətbiqi, tutucu drenaj sistemlərinin qurulması və iqlim dəyişikliklərinə davamlı infrastrukturun yaradılması yolu ilə həyata keçirilir. Məsələn, son onilliklərdə Bakı şəhərində intensiv və aramsız yağışların yağması zamanı yaranan subasma halları şəhər infrastrukturunu iflic vəziyyətə salır. Bunun qarşısını almaq üçün sistemləşdirilən və müasir innovativ drenaj sistemlərinin qurulması tələb olunur. Drenaj sistemləri dedikdə biz yağış sularını toplamaq üçün yeni kanalların, boru kəmərlərinin və tunellərinin çəkilməsini nəzərdə tuturuq. Lakin bu proses vəsait baxımından olduqca baha başa gəlir və şəhər planlaşdırılması sisteminin yenidən işlənilməsini tələb edir. Əgər biz bu suları toplayaraq başqa məqsədlər üçün istifadə edə bilsək davamlı su sisteminin yaradılmasınada nail ola bilərik".
Aişə Mustafayeva
