Adı sinifdə, izi ürəklərdə qalan Elsevərin əziz xatirəsinə
Hər kəndin yaddaşında bir işıq olur-qaranlıq çöksə də sönməyən, illər keçsə də zəifləməyən. Qazançı kəndi üçün bu işığın adı Şəhid Aslanov Elsevər Eldar oğludur.
Elsevərin həyatı sadə bir kənd oğlunun hekayəsi kimi başlayıb, amma hər kəsin yaşamadığı qədər cəsarət, mərdlik və sədaqət daşıyıb. O, Vətən uğrunda döyüşərkən snayper atəşinə tuş gəlib. Yaralanmasına baxmayaraq, üç ay boyunca hospitalda müalicə alıb, həyatla mübarizəsini səssiz, amma möhkəm bir iradə ilə davam etdirib. Həkimlərin iki dəfə keçirdiyi əməliyyatlara, göstərilən bütün səylərə baxmayaraq, vəziyyəti ağırlaşıb. Elsevər hər şeydən çox sevdiyi torpaqların azadlığı üçün canından keçib.
Onun haqqında danışan hər kəs bir sözün üzərində dayanır: cəsarət. Elsevərin döyüş yoldaşları onun qorxmazlığını, kənd sakinləri isə sakit, təvazökar xarakterini xatırlayır. Bəlkə də buna görədir ki, ölümündən sonra belə onun adı sönməyib-əksinə, daha ucalıb.
Bu gün Qazançı kənd məktəbinin siniflərindən biri Elsevərin adını daşıyır. Uşaqlar dərsə girəndə qapıda yazılan adı oxuyur və bilmədən də olsa bir qəhrəmanın hekayəsini ürəklərinə yazırlar. Bu ad yalnız lövhədə deyil, gələcəyin yaddaşında yaşayır. Sinifin açılışına Elseverin atası da qatılıb-gözlərində həm fəxr, həm nisgil olub. Fəxr-belə bir övlad böyütdüyü üçün. Nisgil-onun yerinin boş qaldığını bildiyi üçün.
Elsevərin hekayəsi bir ailənin, bir kəndin yox, bütün Azərbaycanın hekayəsidir. O, təkcə döyüş cəbhəsində deyil, insanların yaddaşında da iz qoyub. Hər şəhid kimi, o da bu torpağın üstündə gəzən hər addımda, səslənən hər məktəb zəngində, açılan hər səhərdə yaşayır.
Bu gün-onun anım günündə-biz bir daha anlayırıq ki, Vətəni qoruyanlar yaşadıqları illərlə deyil, qoyduqları izlə ölçülür. Elseverin izi isə nə zamana, nə də unuduluşlara məhkum olacaq.
Banuçiçək Məmmədova
