Gəncədə “Sağlam həyat tərzinin təşviqi” layihəsinin açılışı keçirilib
Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji Renesans” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi” layihəsinin açılış tədbiri keçirilib.
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, ali və ümumtəhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, ekspertlərin, gənclərin və könüllülərin nümayəndələri iştirak ediblər. Tədbirə ümumilikdə 60-a yaxın iştirakçı qatılıb.
Açılış tədbirində “Ekoloji Renesans” İctimai Birliyinin sədri, layihə rəhbəri Leyla Məmmədova çıxış edərək sağlam həyat tərzinin təşviqinin iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, su ehtiyatlarının və biomüxtəlifliyin qorunması kimi məsələlərlə sıx bağlı olduğunu bildirib.
O qeyd edib ki, sağlam cəmiyyətin formalaşması yalnız insanların sağlamlığından deyil, həm də sağlam və dayanıqlı ətraf mühitin qorunmasından asılıdır. Bu baxımdan dövlət qurumları, təhsil müəssisələri, QHT-lər, ekspertlər, gənclər və ictimaiyyət arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova ekologiya və təbiətin mühafizəsi sahəsində maarifləndirmənin və elmi yanaşmanın əhəmiyyətindən danışıb. O, gənclərin ekoloji proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması, onların sosial və ekoloji təşəbbüslərdə, eləcə də könüllülük fəaliyyətində iştirakının əhəmiyyətini qeyd edib.
Göygöl Milli Parkının nümayəndəsi isə təbii ərazilərin və biomüxtəlifliyin qorunması, təbiətə məsuliyyətli münasibətin formalaşdırılması və ekoloji maarifləndirmənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Daha sonra Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi, layihənin təlimçisi Vüsal Musayev layihənin məqsədləri, əsas fəaliyyət istiqamətləri və qarşıdakı mərhələləri barədə məlumat verib.
Tədbir interaktiv müzakirələrlə davam edib. Müzakirələr zamanı sağlam həyat tərzi, ekoloji məsuliyyət, ətraf mühitin qorunması, yaşıllıqların artırılması, su və enerji resurslarından səmərəli istifadə, gənclərin və könüllülərin ekoloji təşəbbüslərdə iştirakı, həmçinin müxtəlif qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçıların fikir və təkliflərinin toplanması məqsədilə tədbir zamanı xüsusi təklif blankları da paylanılıb. Dövlət qurumlarının, bələdiyyələrin, təhsil müəssisələrinin, QHT-lərin, ekspertlərin, gənclərin və könüllülərin nümayəndələri fəaliyyət sahələri üzrə aktual məsələləri, mövcud ehtiyacları və mümkün həll yollarını qeyd ediblər.
Toplanan təkliflərin layihənin növbəti mərhələlərinin planlaşdırılmasında, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində, eləcə də yekun Yaşıllıq Forumunun mövzu və müzakirə istiqamətlərinin formalaşdırılmasında nəzərə alınması nəzərdə tutulur.
Layihə çərçivəsində 6 maarifləndirici təlim keçiriləcək
Layihənin növbəti mərhələsində 3 ali təhsil müəssisəsində və 3 ümumtəhsil məktəbində olmaqla, ümumilikdə 6 maarifləndirici təlim keçiriləcək.
Ali təhsil müəssisələrində keçiriləcək hər bir təlimdə 150 nəfərin, ümumtəhsil məktəblərində keçiriləcək təlimlərdə isə 100 nəfərin iştirakı nəzərdə tutulur.
Təlimlərdə sağlam həyat tərzi, ekoloji məsuliyyət, ətraf mühitin qorunması, yaşıllıqların əhəmiyyəti, su və enerji resurslarından səmərəli istifadə, ekoloji davranış və gənclərin ekoloji təşəbbüslərdə iştirakı kimi mövzulara diqqət yetiriləcək.
Layihə çərçivəsində məktəblərin iştirakı ilə 100 ağacın əkilməsi üzrə ağacəkmə aksiyasının keçirilməsi də planlaşdırılır. Aksiyanın maarifləndirmə fəaliyyətlərinin praktiki tədbirlərlə tamamlanmasına, məktəblilərin ekoloji təşəbbüslərə cəlb olunmasına və şəhərdə yaşıllıqların artırılmasına töhfə verməsi gözlənilir.
Layihənin yekun mərhələsində 250 nəfərin iştirakı ilə Yaşıllıq Forumunun keçirilməsi nəzərdə tutulur. Forumda layihə çərçivəsində keçirilmiş təlimlərin və ağacəkmə aksiyasının nəticələri, açılış tədbirində toplanmış təkliflər, Gəncə şəhərinin aktual ekoloji problemləri, yaşıllıqların qorunması və artırılması, sağlam həyat tərzinin təşviqi və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.
Beləliklə, layihənin açılış tədbiri müxtəlif sahələrin nümayəndələrinin bir araya gəlməsi, aktual məsələlərin müzakirəsi, real ehtiyacların müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin formalaşdırılması baxımından əhəmiyyətli platforma olub.
“Sağlam həyat tərzinin təşviqi” layihəsi sağlam həyat tərzinin təşviqinə, ekoloji maarifləndirmənin gücləndirilməsinə, gənclərin və ictimaiyyətin ekoloji təşəbbüslərdə iştirakının artırılmasına, yaşıllıqların qorunması və artırılmasına, həmçinin müxtəlif tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib.
“Ekoloji Renesans” İctimai Birliyi tədbirin keçirilməsi üçün məkan və şərait yaratdığına görə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatına, eləcə də tədbirdə iştirak edərək fikir və təklifləri ilə layihəyə töhfə verən dövlət qurumlarına, yerli özünüidarəetmə orqanlarına, təhsil müəssisələrinə, QHT-lərə, mütəxəssislərə, gənclərə, könüllülərə və bütün iştirakçılara təşəkkürünü bildirib.










