00:00:00
Yazar
Admin User
30.12.2025 17:32 304 3 dəq oxuma
Sosial

ADU-da “Azərbaycan dili” platforması təqdim edilib

ADU-da “Azərbaycan dili” platforması təqdim edilib

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva tədbirdə platformanın məqsədi, funksiyaları və tədris prosesinə gətirəcəyi yeniliklər barədə geniş məlumat verib. Platforma Azərbaycan dilinin öyrənilməsini asanlaşdırmaq, tədrisi müasir texnologiyalarla zənginləşdirmək və dilin qorunması istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilir. Təqdimat mərasimində universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ADU-nun Azərbaycan dili kafedrasının baş müəllimi, layihənin koordinatorı Səbinə xanım Əliyeva bildirib ki, bu, Azərbaycan dilinin öyrənilməsi üçün nəzərdə tutulmuş onlayn platformadır:

 

“Digər dillərlə bağlı da bu cür platformalar mövcuddur. Sadəcə olaraq, biz Ümumavropa Dillər üzrə Çərçivə Sənədinin müəyyən etdiyi bacarıqlara, oxuyub-anlama, danışıq, dinləmə, yazı və sosial-linqvistik funksiyalara əsaslanırıq. Bu aspektlər dil bacarıqları üzrə mərhələli şəkildə öyrənməni nəzərdə tutur. Hazırda yeni mərhələlər üzərində də iş aparılır. Yəni ən başlanğıc səviyyədən son mərhələyədək Azərbaycan dilini öyrənmək və bu dil bacarıqlarına yiyələnmək üçün platforma dəstək verir. Platformada oxu üzrə tapşırıqlar və onların test edilməsi, yazı üzrə müxtəlif tapşırıqlar mövcuddur. Ümumiyyətlə, bu onlayn platformanın özü yenilikdir. Sosial-linqvistik bacarıqların inkişafı üçün platforma Azərbaycan dili ana dili olmayan xarici vətəndaşlara yönəlib. Sosial-linqvistik bacarıqlar dedikdə, ünsiyyətə girmək, ünsiyyəti davam etdirmək kimi bacarıqlar da nəzərdə tutulur. Bunların müəyyən modelləri mövcuddur və yeniliklər məhz bundan ibarətdir. Bu platforma dilin öyrənilməsini asanlaşdırır. Azərbaycan dilini öyrənmək istəyən xaricilər əsasən onlayn resurslardan istifadə edirlər. Platforma daim yenilənəcək, yeni məzmun və imkanlar əlavə olunacaq. Azərbaycan dilinin öyrənilməsi təkcə dil biliklərinin əldə edilməsi deyil, eyni zamanda həmin dilin daşıdığı mədəniyyət və reallıqlarla tanışlıqdır. Bu baxımdan Azərbaycan reallıqları və mədəniyyətinə dair məzmunlar da platformaya inteqrasiya ediləcək. Azərbaycan dilini normal mənimsəmək üçün mədəni konteksti bilmək vacibdir. Bu kontekstlər zamanla daha da genişlənəcək və yeni məzmunlarla zənginləşdiriləcək".

 

Səbinə Əliyeva onu da qeyd edib ki, platforma uzunmüddətli perspektiv üçün nəzərdə tutulub:

 

“Biz bu platformanı müasir və çağdaş dil təbliği vasitəsi kimi qoruyub saxlamaq niyyətindəyik. Platforma daim yenilənən və istifadəsi asan olan sistem olacaq. Bu layihə əsasən Azərbaycan dili ana dili olmayanlar üçün nəzərdə tutulub. Dilin qorunması məsələsinə gəlincə, bu platforma birbaşa deyil, dolayısı ilə bu məqsədə xidmət edir. Dil təbliğ olunursa, sevilirsə və öyrənilməyə maraq yaranırsa, bu, onun qorunmasına da şərait yaradır. Platforma Azərbaycan dilinin beynəlxalq nüfuzunun artmasına dəstək verən bir layihədir. Bu, insanlarda öz dilinə qarşı qürur hissi formalaşdırır və cəmiyyətin dilə münasibətini daha yüksək səviyyəyə qaldırır. Mən düşünürəm ki, dilin qorunması kökdən gələn, daxili bir məsələdir".

 

Filologiya üzrə fəlsəfə doktoru, ADU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri Nərgiz Çərkəzqızı da fikirlərini bölüşüb:

 

“Platformanın əsas funksiyalarından biri Azərbaycanın dövlət dilini əcnəbi vətəndaşlara öyrətmək və bu məqsədlə müxtəlif tədris resursları təqdim etməkdir. Bu çərçivədə portal Azərbaycan dilini öyrənmək istəyənlər üçün dərsliklər və interaktiv məzmunlu materiallar təqdim edir. Platformanın ikinci funksiyası dil öyrənənləri yaş qruplarına ayırmaqdır. Buna uyğun olaraq materiallar uşaqlar, yeniyetmələr və yetkinlər üçün fərqli şəkildə təqdim olunur. Digər mühüm funksiya isə dil tədrisində rəqəmsal vasitələrin tətbiqidir. Bu zaman dil öyrənmə tempi və fərdi ehtiyaclar nəzərə alınır. İnteraktiv öyrənmə mühitinin yaradılması da mühüm yeniliklərdəndir. Portalda nəzəri materiallarla yanaşı, praktik tapşırıqlara da xüsusi yer verilir. İstifadəçilər passiv dinləyicidən aktiv iştirakçıya çevrilir, özünüqiymətləndirmə imkanı əldə edir və biliklərini yoxlaya bilirlər. Dil materiallarının multimodal tədris formasında görmə, eşitmə və oxu vasitəsilə təqdim olunması da yeniliklər sırasındadır. Platforma dil resurslarının mərkəzləşdirilməsinə kömək edir ki, bu da dilin normativ bazasının qorunmasına xidmət edir. Azərbaycan dilinin dünya miqyasında auditoriyalara çıxış imkanları genişlənir. Onlayn platforma həm ölkə daxilində, həm də xaricdə yaşayan istifadəçiləri, diaspor nümayəndələrini və xarici tələbələri əhatə etməklə dilimizin yayılma coğrafiyasını genişləndirir. Platformada ədəbi dil normalarının düzgün təqdim olunması qeyri-normativ halların qarşısını alır".

 

Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər