Ağ un yoxsa kəpəkli un, süfrəmiz üçün doğru seçim hansıdır?
Çörək hər gün süfrəmizin ayrılmaz hissəsidir, amma ağ un və kəpəkli un arasında seçim edərkən çoxlarımız tərəddüd edirik.
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, kəpəkli unun sağlam olması sadəcə marketinq termini deyil:
"Ağ unla kəpəkli un arasındakı əsas fərq buğdanın necə emal olunmasındadır. Ağ un hazırlanarkən buğdanın kəpəyi və rüşeymi ayrılır. Yəni ən lifli, ən faydalı hissələr kənarda qalır. Nəticədə yumşaq, ağ, tez bişən, amma tez də acdıran bir un alınır. Ağ un daha yumşaq, ağ rəngli, uzunömürlü olur. Amma lif, vitamin və minerallar baxımından xeyli kasadlaşır. Dadı hamıya tanışdır. Ona görə də çoxları üçün əsl çörək elə budur. Kəpəkli un isə buğdanın kəpək hissəsi ilə birlikdə üyüdülməsi nəticəsində alınır. Bu səbəbdən tərkibində lif, B qrup vitaminləri, maqnezium, dəmir və digər minerallar daha çoxdur. Lifli quruluş həzmi yavaşladır, toxluq hissini uzadır və bağırsaqların normal işləməsinə kömək edir. Kəpəkli unun sağlam olması sadəcə marketinq termini deyil. Doğru şəkildə, həqiqi kəpəkli undan hazırlanmış çörək qan şəkərinin kəskin qalxmasının qarşısını alır. Bu xüsusilə şəkər riski olan insanlar üçün vacibdir".
Müsahib bildirib ki, kəpəkli un uzunmüddətli istifadə ürək-damar xəstəlikləri və artıq çəki riskini azaltmağa kömək edə bilər:
"Kəpəkli un hər kəs üçün eyni dərəcədə uyğun deyil. Az yaşlı uşaqlar, həzm sistemi həssas olanlar və bəzi bağırsaq problemləri yaşayan şəxslər üçün çox lifli çörək bəzən narahatlıq yarada bilər. Bu halda miqdar və fərdi uyğunluq əsas götürülməlidir. Yaşlılar və az hərəkətli insanlar üçün isə kəpəkli un daha faydalı seçimdir. Ağ undan hazırlanan çörəyin əsas riski tez həzm olunmasıdır. Bu, qan şəkərinin sürətlə yüksəlməsinə və qısa müddətdə yenidən aclıq hissinin yaranmasına səbəb olur. Davamlı olaraq ağ un istehlakı artıq çəkiyə, insulin müqavimətinə və metabolik problemlərə zəmin yarada bilər. Qara çörək məsələsində isə diqqətli olmaq lazımdır. Bazarda satılan hər qara rəngli çörək kəpəkli un demək deyil. Bəzən ağ una rəng verən maddələr, bəhməz, karamel əlavə edilərək çörək tünd rəngdə hazırlanır. Əsl kəpəkli çörəyin tərkibində un növü açıq şəkildə qeyd olunmalıdır".
Səmayə Səftərova
