Ağ xalatlı mələklər
6 oktyabr Beynəlxalq Həkimlər Günü, dünyada ağ xalatlı qəhrəmanlara təşəkkür və ehtiram günü kimi qeyd olunur. Bu tarix yalnız bir peşənin bayramı deyil, həm də insan həyatına həsr olunmuş fədakarlığın, mərhəmətin və vicdanın təntənəsidir.
Həkimlik sadəcə bir iş deyil bu, hər gün insan ağrısına toxunan, bəzən öz ağrısını unudan, hər saniyə ölüm və həyat arasında qərar verən bir missiyadır. Onlar hər səhər xəstənin ümidini, ailənin dualarını və cəmiyyətin inamını çiyinlərində daşıyırlar.
Unutmaq olmaz ki, pandemiya illərində və hər bir fövqəladə vəziyyətdə həkimlər ön cəbhədə duran görünməz döyüşçülər olublar. Onların yorğun baxışlarında minlərlə gecə növbəsinin izi, amma bir o qədər də insan həyatını xilas etməyin qüruru var.
Bu gün hər birimiz bir anlıq dayanıb, bizə şəfa verən, gülümsəməyimiz üçün çalışan, bəzən öz ailəsindən çox xəstələrinə zaman ayıran həkimlərə “təşəkkür edirəm” deməliyik.
Çünki həyatın ən böyük neməti sağlamlığımız onların əllərində qorunub.
Beynəlxalq Həkimlər Gününüz mübarək!
Sağlam bir cəmiyyətin memarları olan bütün həkimlərə səbr, güc və minnətdarlıqla dolu bir gün arzulayırıq.
Banuçiçək Məmmədova
