Aİ-dən Rusiyaya yeni zərbə
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyib. Sənəddə əsas diqqət bank sektoruna məhdudiyyətlərin tətbiqinə yönəlib. Yeni tədbirlər Rusiya banklarının Avropa maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq və ölkənin beynəlxalq ticarət imkanlarına əlavə təzyiq göstərmək məqsədi daşıyır.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyinin 20-ci sanksiyalar paketi indiyədək tətbiq olunan sanksiyaların davamıdır:
“Bu paketdə Rusiyanın sanksiyalardan kənarda qalan bankları və neft şirkətləri nəzərdə tutulur. Hiss olunur ki, Avropa Birliyi bu sanksiyada məntiqə söykənib. Məqsəd, Rusiyanın enerji sektorunda fəaliyyət imkanlarını məhdudlaşdırmaq və beynəlxalq maliyyə çıxış imkanlarını daha da daraltmaqdır. İndiyədək tətbiq olunan sanksiyaların təsiri bütün sahələrdə özünü göstərib. Artıq Rusiyanın iqtisadi imkanları həm daxildə, həm də beynəlxalq ticarətdə xeyli məhdudlaşdırılıb. Sanksiyalar Rusiyanın maliyyə imkanlarını və iqtisadi ticarət manevr imkanlarını minimuma endirmək məqsədi daşıyır. Həm neft, həm qaz, həm də ticarət və maliyyə sahələrində imkanları ciddi məhdudlaşıb”.
Aydın Quliyev vurğulayıb ki, sonuncu sanksiyalar paketi Rusiyanın beynəlxalq maliyyə əlaqələrinə ciddi zərbə vuracaq və Ukraynada davam edən müharibə qüdrətinə mənfi təsir göstərəcək:
“Artıq Rusiyanın həm ticarət, həm enerji ixracı, həm də texnologiyaların alınması və yayılması imkanları son dərəcədə məhduddur. Bu sanksiyaların Ukraynadakı müharibə qüdrətinə mənfi təsir edəcəyi şübhəsizdir”.
Fatimə Hüseynli
